AFFA-nın baş katibi Cahangir Fərəcullayev Andorrada azərbaycanlı jurnalistlərlə söhbətində milli komandanın nəticələri, oyun üslubu və ölkə futbolundakı mövcud vəziyyətlə bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, federasiya rəsmisi yığmanın bu il ən az məğlub olan komandalar sırasında yer almasına diqqət çəkib:
"Statistika göstərir ki, bu il ən az uduzan yığmalardan biriyik. Bəziləri rəqiblərin səviyyəsini qabarda bilər, amma Millətlər Liqasının D divizionuna hazırlaşdığımız üçün özümüzə uyğun komandalarla yoldaşlıq oyunları keçirdik. İyunda Maltaya məğlubiyyəti çıxsaq, digər matçlarda qalib gəlmişik və ya heç-heçə etmişik. Yalnız Lixtenşteynlə evdəki qolsuz bərabərliyi mənfi nəticə saymaq olar".
Fərəcullayev millinin "qorxaq futbol" oynaması ilə bağlı tənqidləri qəbul etməyib:
"Bu fikir doğru deyil. Biz əlimizdəki futbolçu resursuna uyğun, praqmatik futbol oynayırıq. Hücumda çətinliklərimiz var, əsas məqsəd isə qələbə qazanmaqdır. Lixtenşteynə çox qol vura bilmədik, çünki onlar uzun müddətdir az qol buraxırlar. İndi kiçik ölkələr də futbolu inkişaf etdirir".
Baş katib realist olmağın vacibliyini vurğulayaraq inkişafın zaman alacağını bildirib:
"Kəskin enişdən sonra sistemi dəyişməyə çalışırıq. Qrupumuzda birinci yeri tutmaqla hədəfimizə çatdıq və bunu uğur sayırıq. Biz Braziliya və ya Xorvatiya deyilik, məqsədimiz aşağıdan yuxarıya doğru qalxmaqdır. Heyət seçimimiz çox məhduddur. Hazırda əsas liqalarda daimi start heyətində oynayan və yaxşı formada olan yeganə futbolçumuz Mahir Emrelidir".
U-15 dünya çempionatı üçün Hövsanda inşa edilən kompleksdən danışan Fərəcullayev görülən işlərin FIFA-nı belə təəccübləndirdiyini deyib:
"Bu, reklam deyil – FIFA Hövsandakı tikintinin sürətindən və keyfiyyətindən şoka düşüb. Bütün kompleks 66 günə ərsəyə gəlib və gənclərimiz artıq orada məşq edəcəklər. Süni örtüyün zədə riskini artırması barədə deyilənlər mifdir; keyfiyyətli örtükdə fərq cəmi 1,5 faizdir. Təbii otun saxlanması baha olduğundan hətta "Barselona" və "Ayaks" da süni meydançalardan yararlanır. Messi, Xavi və İnyesta da karyeralarına məhz belə örtükdə başlayıblar. AFFA-nın hazırda təkbaşına stadion tikmək büdcəsi yoxdur. Gəncə və Xankəndidən sonra Gənclər və İdman Nazirliyi Naxçıvanda stadion inşa etməyi planlaşdırır".
Federasiya rəsmisi klub futbolundakı maliyyə məsələlərinə də toxunub:
"Hər bölgədə "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev kimi futbola sərmayə qoyan insanlara ehtiyac var. "Şahdağ-Qusar" da ikinci "Turan Tovuz" ola bilər, "Gəncəbasar" da yaxşı işlər görür. Etiraf etməliyik ki, liqalarımızdakı əksər klublar pul qazanmır. Dövlət dəstəyi dayandırılsa, klub futbolumuz kəskin geriləyər və avrokuboklarda təxminən Gürcüstan səviyyəsinə düşərik".


