İspaniyanın “Sevilya” klubunun maliyyə vəziyyəti ilə bağlı yeni detallar açıqlanıb.

Offsideplus.az xəbər verir ki, klub pandemiyadan bəri hər il zərərlə işləyib. Son beş ildə ümumi zərərin 245 milyon avroya çatdığı bildirilir.

Qeyd olunur ki, “Sevilya”nın cari mövsüm üçün əməkhaqqı limiti cəmi 22 milyon avrodur. Bu, La Liqada ən aşağı göstəricidir.

Satınalma məsələsi ilə bağlı Serxio Ramosun rəhbərlik etdiyi konsorsium da klubu əldə etməyə çalışıb. İlk mərhələdə 440 milyon avroluq təklif irəli sürülsə də, sonradan məbləğ 220 milyon avroya endirilib. Təklifin bir hissəsinin klubun maliyyə vəziyyətinin yaxşılaşdırılmasına və transferlərə yönəldilməsi planlaşdırılıb. Lakin tərəflər razılığa gələ bilməyib və danışıqlar dayandırılıb.

Hazırda isə sabiq futbolçu Qaret Beylin məsləhətçilik etdiyi investisiya qrupu “Sevilya”nı satın almaq üçün maraq göstərir. Məlumatlara görə, konsorsium klubun səhmlərinin 85 faizinə qədərini əldə etməyi və təxminən 500 milyon avroluq əməliyyat həyata keçirməyi nəzərdən keçirir.

Qeyd: Son məlumatlarda klubun son altı ildəki ümumi zərərinin təxminən 250 milyon avroya çatdığı bildirilir.