Köçərilər sabit yaşayış məskəni olmayan, mövsümdən və ya resursların mövcudluğundan asılı olaraq mütəmadi olaraq bir yerdən başqa yerə hərəkət edən insan icmalarıdır. Köçərilik sadəcə bir yaşayış forması deyil, həm də özünəməxsus mədəniyyət, təsərrüfat və sosial struktur sistemidir.  

Bu tərif sizə də tanış gəldi? Bir klubumuz var, bu tərifə çox uyğun gəlir. Yəqin siz də təxmin etdiz ki, söhbət kimdən gedir. Bəli, “Araz-Naxçıvan”.  

Ötən mövsüm ev oyunlarını “Dalğa Arena”da, məşqlərini Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirən Muxtar Respublika təmsilçisi mövsümün gedişində Masazır və Sumqayıtda rəqiblərini ev sahibləri kimi qəbul etdilər. 

Klub artıq yaylaqdan qışlağa köç edir. Bu mövsümə Qəbələdə start verən naxçıvanlılar qalan ev oyunlarını digər dağlıq zonada - Şamaxıda keçirəcəklər.  

Gəlin, “Araz-Naxçıvan”a yeni ad qoyaq - “Köçərilər”! 

Köçərilər həyat tərzlərinə görə daimi köç etməyə məcburdular.  Klub son zamanlar 5 fərqli stadionda ev oyunu keçirib. Bəlkə xəbərləri yoxdur, məlumat üçün deyək, Gəncədə ölkənin ən baxımlı stadionu tikilib, heç Tovuzda da ev oyunlarını oynamayıblar, oraları da gözdən keçirə bilərlər.

“Köçərilər”in Naxçıvana köç etməyə deyəsən heç niyyəti də yoxdur. Kim bilir, bəlkə də nə vaxtsa köç karvanı Naxçıvana da üz tutacaq.