Misli Premyer Liqasında 5-ci tur geridə qaldı. Bu turda da bir-birindən maraqlı görüşlər diqqət çəkdi.

"İmişli" "Neftçi"dən xal almağa yaxın olsa da…

Yevlax təmsilçisi elitada iştirak etməsə də, stadionu hələ də çempionat oyunlarını qəbul edir. "İmişli" "Neftçi" ilə qarşılaşdı. "Ağ-qaralar"ın bu oyunu "Dinamo" (Minsk) ilə görüşü xatırlatdı. "Ağ-qaralar" 2 top fərqi ilə önə keçsə də, ilk hissə bitməmiş hesab bərabərləşib. Lakin fərdi keyfiyyət sonda hər şeyi "Neftçi"nin xeyrinə həll edib. Beləliklə, "İmişli" bir xala yaxın olsa da, bunu son anda əldən verdi – 2:3.

"Kəpəz" ən yaxşılardan olmaq yolunda addımlayır

"Kəpəz" öz meydanında "Qəbələ"ni qəbul edib. 11 min azarkeşin dəstəklədiyi gəncəlilər gərgin keçən qarşılaşmada 1:0 hesablı vacib qələbəyə seviniblər. Meydandakı mübarizə zamanı hər şey ideal alınmasa da, əsas nəticə idi və Gəncə təmsilçisi istədiyini almağı bacardı. Cari mövsümdə ikinci qələbəsini rəsmiləşdirən "Kəpəz" autsayderlər zonasından xeyli uzaqlaşaraq turnir cədvəlində rahat nəfəs almağa başlayıb. Komandanın bu yüksəlişi azarkeşlərdə də böyük ümidlər yaradır və artıq daha yüksək pillələr barədə düşünməyə əsas verir.

"Sumqayıt" ilk xalını qazandı

"Sumqayıt" "Şamaxı" qarşısında üstün oynasa da, bəxt "şirlər"in tərəfində oldu. "Kimyaçılar"dan bu matçda 3 xal gözlənilsə də, bu alınmadı. "Şamaxı"nın gənc futbolçusu Edqar Adilxanov turun ən baxımlı qollarından birinə imza atdı. Oyun haqda danışılacaq çox şey olmadı. "Sumqayıt" növbəti turda ağır "Kəpəz" səfərinə yollanacaq.

"Turan Tovuz"dan gözlənilməz xal itkisi

Şamaxıda "Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul etdi. Qarşılıqlı qollar şəraitində keçən oyunda qalib müəyyənləşmədi – 2:2. Görüşün hakim qərarları da müzakirə mövzusuna çevrildi "Araz-Naxçıvan" cəbhəsində vəziyyət heç də yaxşı deyil. Komanda 11-ci pillədədir. "Turan Tovuz"un nəticəsi qənaətbəxş olsa da, iddialarından uzaqdadırlar. Rəhbərliyin buna necə reaksiya verəcəyi isə hələ ki, sual doğurur...

Zirədə sülh

Turun mərkəzi qarşılaşması şəhərin mərkəzindən aralıda – Zirədə idi. "Qarabağ"da yeni transferlərin komandaya daha çox uyğunlaşmağa başlaması nəzərə çarpdı. Amma bu sözləri "Zirə"yə də aid etmək olar. Komandalar səliqəli və inamlı oyun nümayiş etdirdilər. Qarşılaşmanı izləyənlər arasında PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, milli komandanın məşqçisi Elnur Çodarov, əfsanəvi qadın güləşçimiz Mariya Stadnik və digərləri də var idi. Yeri gəlmişkən, bu oyunun hakim-inspektoru Hakimlər Komitəsinin sədri Rəhim Həsənov idi. Bir sözlə, adına layiq oyunun şahidi olduq.

Tura Sumqayıtda yekun vuruldu 

4 gün əvvəl "Old Trafford"da meydana çıxan "Sabah" bu dəfə "Sumqayıt"da "Şəfa"nın qonağı oldu. 6 futbolçu rotasiya edilsə də, sistem eyni sistem, oyun eyni oyun idi. "Şəfa" ilk yarıda müəyyən aktivlik göstərsə də, "Sabah"ın gənc qapıçısı Rəvan Mirzəməmmədovu mütləq vurğulamaq lazımdır. Yeri gəlmişkən, milli komandamızın baş məşqçisi Ayxan Abbasov da oyunu canlı izləyənlər arasında idi.