Çin millisinin sabiq baş məşqçisi Xose Antonio Kamaço Kilian Mbappe ilə bağlı yaranan qalmaqala münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, fransalı hücumçu və "Real Madrid"in üzvü daha əvvəl Çin lideri Mao Tszedunla bağlı zarafat etdikdən sonra bir neçə Çin şirkəti onunla əməkdaşlığa son qoyub və bu ölkədə La Liqa oyunlarının yayımı dayandırılıb. Mbappe və Madrid klubunun üzr istəməsi vəziyyəti dəyişməyib.
Kamaço bildirib ki, Çin yığmasında işlədiyi dövrdə ona qadağan olunmuş mövzularla bağlı xüsusi təlimat verilməyib, lakin yüksək vəzifəli şəxslərlə, o cümlədən idman naziri ilə görüşlər zamanı ölkənin fəlsəfəsi izah olunub.
"Onlar həmişə sənə deyirlər ki, onların qaydalarına, nizam-intizamına və etdikləri hər bir işə uyğunlaşmalısan. Onlar özlərini hər baxımdan dünyanın sahibi hesab edirlər və onlarla işləmək asan deyil", – deyə Kamaço vurğulayıb.
İspaniyalı mütəxəssis "Real Madrid"ə və Mbappeyə yaxşı hüquqşünaslarla işləməyi tövsiyə edib. Onun fikrincə, çinlilər çox tez reaksiya verirlər. "Bundan sonra isə məsələni FİFA, UEFA və ya bu işlə məşğul olan digər qurumlarla özün həll etməlisən", – deyə Kamaço əlavə edib.


