Keçmiş UFC çempionu Əlcəme Sterling Aleksandr Volkovun titul döyüşü ilə bağlı yaranan vəziyyətə münasibət bildirib. O qeyd edib ki, bu idman növü artıq idman olmaqdan çıxıb və əyləncəyə çevrilib. Sterling vurğulayıb ki, əvvəllər azarkeşlər ən yaxşıların bir-biri ilə döyüşməsini istəyirdi, indi isə vəziyyət dəyişib.
Offsideplus.az xəbər verir ki, Sterling fikirlərini belə ifadə edib: "Bax, məhz buna görə bu idman növü artıq idman deyil. İndi bu sadəcə əyləncədir. O dövrlər geridə qaldı ki, insanlar ən yaxşıların döyüşünü izləmək istəyirdi. Başqa heç bir idman növündə belə hal yoxdur. Qələbə qələbədir. Amma nədənsə yalnız MMA-da qələbə kütləvi standartlara uyğun gəlmirsə, dəyərsiz sayılır".
Qeyd edək ki, bundan əvvəl Dana Uayt Aleksandr Volkovun UFC 333-də Rizvan Kuniev üzərində qələbəsindən sonra ona titul döyüşü vəd etməmişdi. Aleksandr Volkov isə bildirib ki, artıq çempionluq kəmərini qazanmaq məqsədi güdmür və kəmərin dəyəri onu daşıyan idmançıdan asılıdır.


