Azərbaycanın dörd sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayır.

Offsideplus.az xəbər verir ki, Nurəddin Novruzov (61 kq), Kənan Heybətov (70 kq), Arseniy Djioyev (86 kq) və Giorgi Meşvildişvili (125 kq) mərhələ adlamaq uğrunda yarışacaqlar.

N.Novruzov, K.Heybətov və G.Meşvildişvili ilk mərhələdən azad olduqları halda, A.Djioyev Bəhreyn təmsilçisi Xıdır Saypudinovla üz-üzə gələcək.

Dünən mübarizə aparan sərbəst güləşçilərimizdən Rəşid Babazadə (65 kq) və Maqomedxan Maqomedov (97 kq) medal şanslarını itiriblər.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.