Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti "Barselona"nın hücumçusu Rafinhanın yığmaya dəvət olunması ilə bağlı sualları cavablandırıb.
Offsideplus.az xəbər verir ki, Ançelotti Rafinhanın əvvəlki beynəlxalq fasilədə zədələnməsinə baxmayaraq, qarşıdakı Yaponiya və Sinqapurla oyunlar üçün heyətə çağırıldığını bildirib. O, mətbuat konfransında "Barselona" prezidenti Joan Laportanın narazılığına münasibət bildirərək qeyd edib ki, nə "Barselona"dan, nə də başqa bir klubdan xüsusi bir tələb daxil olmayıb.
"Heç bir xüsusi tələbimiz yoxdur, buna ehtiyac da duymuruq. Beynəlxalq fasilələrdə Braziliya üçün vacib saydığımız futbolçuları dəvət edəcəyik", – deyə Ançelotti vurğulayıb.
İtaliyalı mütəxəssis əlavə edib ki, hazırda Braziliya yığmasında heyətin yenilənməsi prosesi gedir və yeni oyunçulara üstünlük verilir. "Heyətin yenilənməsinə başlamışıq və indi bunun üçün ideal zamandır. Sentyabrdan etibarən daha gənc futbolçuları qiymətləndiririk və indi də gələcəyin Braziliya yığmasının üzvü ola biləcək oyunçularla bu işi davam etdiririk. Heyətimizdə doqquz futbolçu olimpiya yaşındadır, on beşinin isə hələ 23 yaşı tamam olmayıb. Son dünya çempionatında iştirak etmiş beş futbolçunu seçmişik və onlar yeni dövr üçün vacib olacaq: Markinyos, Qabriel Maqalyães, Bruno Gimaraeş, Vinisius Junior və Rafinha. Duqlas Santosu isə yenidən çağırmışıq, çünki o, dünya çempionatında özünü yaxşı tərəfdən göstərib", – deyə Ançelotti əlavə edib.


