ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino "Çelsi"nin 2016/2017 mövsümündəki Premyer Liqa çempionluğundan məhrum edilməsini və titulun həmin vaxt 2-ci yeri tutan "Tottenhem"ə verilməsini tələb edib.

Offsideplus.az xəbər verir ki, argentinalı mütəxəssis "Çelsi"nin 2011–2018-ci illərdə transferlər zamanı vasitəçilərə 47 milyon funt-sterlinq həcmində gizli ödənişlər etdiyini və 74 qayda pozuntusunu etiraf etdiyini xatırladıb:

"Əgər qaydaları pozublarsa, çempionluq 2-ci olan komandaya verilməlidir. Deyə bilərlər ki, onlar qollar vurub matçları qazandılar. Amma biz mövsümə bərabər şərtlər altında başlamamışdıq. Biz də eyni qaydaları pozsaydıq, heyəti gücləndirib daha çox qol vura bilərdik. "Çelsi" pis oynamadı, Konte də möhtəşəm idi, amma qayda hamı üçün eynidir. Qaydaları pozursansa, titulla vidalaşmalısan".

Qeyd edək ki, Poçettino 2014–2019-cu illərdə "Tottenhem"i, 2023/2024 mövsümündə isə "Çelsi"ni çalışdırıb.