"Los Anceles Leykers" səfərdə "Qolden Steyt Uorriors"a qarşı 25 xallıq üstünlüyü əldən verərək ağır məğlubiyyət alıb. 

Offsideplus.az xəbər verir ki, komandanın lideri Luka Donçiç fərdi göstəricilərini qorusa da (36,2 xal, 7,6 assist, 6,8 ribaund), yeni formalaşan heyətlə uyğunlaşmanın vaxt tələb etdiyini bildirib.

Sloveniyalı ulduz oyundan sonra jurnalistlərə açıqlamasında bunları deyib: "Nə lazım olduğunu dəqiq bilmirəm. Aydındır ki, məşqlər və oyunlar vacibdir. Bu, zaman istəyir. Heyətimizdə çoxlu yeni oyunçular var, amma onlarla oynamaqdan zövq alıram".

Donçiç əlavə edib: "Hər kəs daha yaxşı oynaya bilər. İlk növbədə mən özüm. Birlikdə uduzuruq, birlikdə qalib gəlirik".

İkinci hissədə komandanın hücumda çətinlik çəkməsinin əsas səbəbi "Uorriors"un tətbiq etdiyi aqressiv müdafiələr olub. Rəqib müdafiəçilər Donçiçə qarşı tez-tez ikili pressinq tətbiq edərək topu əlindən almağa çalışıblar. Donçiç bu barədə deyib:

"Karyeram boyu, hətta Avropada oynayanda da bu cür müdafiələrlə üzləşmişəm. Artıq buna öyrəşmişəm, amma bu vəziyyətlərdə daha yaxşı çıxış etməliyik. İki müdafiəçi üzərimə gələndə dördə qarşı üç üstünlük yaranır və bu fürsətdən istifadə etməliyik".

İki oyundur ardıcıl məğlub olan "Leykers" növbəti qarşılaşmalarını öz meydanında keçirəcək. Komanda bazar günü "Toronto Reptors"u, ertəsi gün isə "Mayami Hit"i qəbul edəcək.