Qazaxıstanın paytaxtı Astanada təşkil olunan dünya çempionatında sərbəst güləş üzrə Azərbaycan milli komandasının iki üzvü adını yarımfinala yazdırıb.
Offsideplus.az xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan İslam Bazarqanov 1/4 final mərhələsində yaponiya təmsilçisi Yamato Oqavaya heç bir şans tanımayaraq vaxtından əvvəl üstünlüklə qalib gəlib (12:2).
Digər idmançımız Cəbrayıl Hacıyev (79 kq) isə eyni mərhələdə Türkiyə pəhləvanı Okan Tahtacı ilə gərgin keçən görüşdən 9:3 hesablı qələbə ilə ayrılıb.
Yığmanın digər üzvlərinə gəlincə, 92 kq-da çıxış edən Əli Tsokayev 1/4 finalda ABŞ-dən olan dünya çempionu Trent Hidli ilə duelə çıxıb və 1:5 hesabı ilə rəqibinə məğlub olub.
74 kq çəkidə yarışan Turan Bayramov isə 1/8 final qarşılaşmasında yerli idmançı Nurkoja Kaypanova məğlub olaraq (0:4) mübarizəni dayandırıb.


