Basketbol mütəxəssisi Anar Sarıyev Çempionlar Liqasının təsnifat mərhələsində keçirilən VEF – "LANDAU Lions" qarşılaşmasını (105:88) dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis "şirlər"in məğlubiyyətə baxmayaraq müsbət təsir bağışladığını bildirib:

"Açığı, oyunun ikinci periodunun sonunadək "LANDAU Lions" çox yaxşı oynadı. Baxmayaraq ki, komanda hazırlıq prosesində cəmi bir oyun keçirmişdi və ikinci matçına artıq Çempionlar Liqasında çıxırdı. Belə mərhələ və bu səviyyəli komandalar üçün bu, çox azdır. Buna baxmayaraq, iki period yarım çox yaxşı nümayiş göstərdilər".

A.Sarıyev rəqibin fərdi ustalıq sayəsində üstünlük qazandığını və komandanın baş məşqçisi Erhan Tokerə inamını vurğulayıb:

"Rəqib komandanın oyun qurucusu 15 cəhddən 7 dəfə 3 xallıq dəqiq atış etdi və 38 xal topladı. Bizimkilər onun qarşısını ala bilmədilər, çünki həmin oyunçu başqa səviyyədə oynadı. İnanmıram ki, digər matçlarda da belə çıxış etsin, sadəcə dünən günündə idi. Yenə də "LANDAU Lions" çox yaxşı təəssürat bağışladı. Onlara Avropa Kubokunun qrup mərhələsində uğurlar arzulayıram. Mən Erhan Tokerə çox inanıram, o, çox yaxşı məşqçidir və pis komanda formalaşdırmayıb. Sadəcə, onlara daha çox oyun praktikası lazımdır. Gələcəkdə həm bizim çempionatda, həm də Avrokuboklarda komandanın daha da inkişaf edəcəyinə inanıram".

Qeyd edək ki, Çempionlar Liqasında mübarizəni dayandıran "LANDAU Lions" mübarizəni FIBA Avropa Kubokunda davam etdirəcək. Onlar G qrupunda çıxış edəcək.