İngiltərənin sabiq futbolçusu Devid Bekhemin şirkəti məşhur ətir istehsalçısı “Coty”yə qarşı 41 milyon dollarlıq iddia qaldırıb.
Offsideplus.az xəbər verir ki, Bekhemin hüquqşünasları şirkəti onun adını daşıyan ətirləri razılaşdırılmamış satış məntəqələrində, o cümlədən yanacaqdoldurma məntəqələrində və “Poundland” mağazalar şəbəkəsində satmaqda ittiham edirlər. İddia olunur ki, bu satışlar Bekhemin brendinin nüfuzuna xələl gətirib.
Bundan başqa, hüquqşünaslar “Coty”nin satış göstəricilərini olduğundan az göstərdiyini iddia edirlər. Nəticədə Bekhemin şirkətinə təxminən 6 milyon dollar royalti ödənilmədiyi bildirilir.
“Coty” isə ittihamları rədd edir və məhkəmədən iddianın rədd olunmasını tələb edir. Şirkət ətirlərin “Poundland” mağazalarında satıldığını da inkar edir.


