Basketbol mütəxəssisi Şəhriyar Əsgərov Çempionlar Liqasının təsnifat mərhələsində keçirilən VEF – "LANDAU Lions" matçını (105:88) dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis "şirlər"in yenilginin səbəblərinə toxunaraq, rəqibin güclü heyətə malik olduğunu vurğulayıb:

"Birinci, ikinci period və demək olar ki, üçüncü periodun ortalarına qədər "LANDAU Lions" çox yaxşı oyun göstərdi, qarşılaşma başabaş getdi. Amma təəssüf ki, rəqibin oyun qurucusu Cordan Siyars komandamızın bütün planlarını alt-üst etdi. O, 7 dəfə 3 xallıq dəqiq atış etdi və 38 xal toplayaraq "LANDAU Lions"ın oyuna şərik olmasına imkan vermədi. Bizim komanda lazımi müqavimət göstərsə də, sonda rotasiyanın darlığı özünü büruzə verdi. Artıq dördüncü periodun ortalarında hesab fərqi böyüdü və rəqibin qələbəsi qaçılmaz oldu".

Ş.Əsgərov Latviya basketbolunun zəngin ənənələrindən və komandanın gələcək perspektivindən də söz açıb:

"VEF köklü komandadır. Ümumiyyətlə, Latviya basketbolunun gücü hamımıza məlumdur: Kristaps Porzingis, Davis Bertans kimi ulduzların adlarını çəkmək olar. Məğlubiyyətin əsas səbəblərindən biri də "LANDAU Lions"ın heyətinin tam formalaşmamasıdır. Bəzi oyunçular komandaya çox yaxın vaxtlarda qoşulublar. Buna baxmayaraq, Avropa kuboklarında yolumuza davam edirik. Tezliklə Azərbaycan Basketbol Liqası da başlayacaq və komanda gərginlik artdıqca forma yığacaq. Amma hesab edirəm ki, avrokuboklarda çıxış edən klublarımız il boyu məşqlərinə fasiləsiz davam etsələr, daha yaxşı nəticələr qazanarlar".

Mütəxəssis son olaraq qadınlar arasında keçirilən dünya çempionatının yekunlarına da toxunub:

"İki gün əvvəl qadınlar arasında dünya çempionatı başa çatdı. Turnirdə Belçika, İtaliya, İspaniya, Almaniya və Fransa kimi çox güclü komandalar mübarizə aparırdı. Yalnız qrup oyunlarının birində İtaliya amerikallara ciddi müqavimət göstərərək cəmi 3 xal fərqilə uduzdu. Digər matçlarda böyük üstünlüklə qələbə qazanan ABŞ millisi finalda Fransanı da üstələyərək növbəti dəfə dünya çempionu oldu. Üçüncü yer uğrunda görüşdə isə İspaniya Almaniyadan üstün oldu".

Qeyd edək ki, Çempionlar Liqasında mübarizəni dayandıran "LANDAU Lions" mübarizəni FIBA Avropa Kubokunda davam etdirəcək. Onlar G qrupunda çıxış edəcək.