Ötən gün "Kəpəz" doğma azarkeşləri önündə keçirdiyi 3-cü oyunda 2-ci qələbəsini qazanaraq azarkeşlərinə növbəti sevincli anları yaşatdı. Bu turda da Premyer Liqanın ən çox tamaşaçı toplayan matçı məhz Gəncədə qeydə alındı – tribunaları tam 11 min azarkeş doldurmuşdu. Turun hələ keçirilməmiş 3 oyun qalsa da, digər stadionların heç birinin tutumu 11 min olmadığı üçün Gəncə şəhər stadionu artıq indidən turun azarkeş rekordunu təmin etmiş oldu.

Azər Məmmədovun kollektivi iki tur əvvəl "Turan Tovuz"u məğlub edərək ilk müsbət siqnalları vermişdi. Ötən həftəki "Şamaxı qəzası"ndan sonra baş məşqçi komanda daxilində operativ tədbirlər gördü, lazımi reaksiyanı verdi və futbolçuları qısa müddətdə psixoloji olaraq toparlamağı bacardı. Meydanda isə Viktor Stina növbəti dəfə ustalıq səviyyəsini və fərqini ortaya qoyaraq komandasının hücum xəttində əsas silaha çevrildiyini sübut etdi.

Artıq həftədə bir dəfə Gəncədə gerçək bir futbol bayramı yaşanır. "Kəpəz" keçirdiyi 4 oyundan sonra aktivindəki xal sayını 6-ya çatdırdı. Sponsoru və böyük büdcəsi olmayan bir komandanın turnir cədvəlinin 6-cı pilləsində qərarlaşması, şübhəsiz ki, böyük alqışa və təqdirə layiqdir. Gəncə təmsilçisinin cədvəldə geri qaldığı 5 komanda isə çempionluq uğrunda mübarizə aparan, geniş heyətə malik iddialı klublardır.

Növbəti sınaq isə "Sumqayıt"a qarşı olacaq. Doğma azarkeş faktorunu və komandanın yüksələn xəttini nəzərə alsaq, bu matçda da tribunaların tamamilə dolacağını indidən proqnozlaşdırmaq olar. Hər iki tərəf üçün olduqca gərgin və çətin qarşılaşma gözlənilir. Bir tərəfdə tribunaların dəstəyindən və ardıcıl uğurlardan stimul alan "Kəpəz", digər tərəfdə isə 3 xala ac olan "Sumqayıt"...