“Komanda olaraq əlimizdən gəldiyi qədər yaxşı çıxış etməyə çalışacağıq”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında “LANDAU Lions” komandasının baş məşqçisi Erhan Toker deyib.

Mütəxəssis FIBA Çempionlar Liqasının II təsnifat mərhələsinin 1/8 finalında Latviyanın "VEF Riqa" komandasına qarşı keçirəcəyi oyunla bağlı fikirlərini bölüşüb:

“Hazırlıqlarımız davam edir. Artıq bir hazırlıq oyunu keçirmişik. Qarşıda daha iki məşqimiz var. İki gün sonra Macarıstana yola düşəcəyik”.

Toker oyunçuların sağlamlıq durumu ilə bağlı da danışıb:

“Şənbə günü Kervin Volton zədələndi, biləyi burxuldu. Ancaq onun matçda oynayacağını düşünürəm. Ondan başqa, hər kəsin sağlamlıq durumu yaxşıdır. Hazırlıqlarımız da yaxşı gedir.

Yeni gələn oyunçularımız var. Bizi çətin mübarizə gözləyir. 16 komanda arasından yalnız bir komanda Çempionlar Liqasında mübarizəni davam etdirə biləcək. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, "Landau Lions" - "VEF Riqa" matçı sentyabrın 14-də baş tutacaq.