Misli Premyer Liqasının 2-ci turu da “Qəbələ” üçün uğursuzluqla yekunlaşdı. Çempionata “Turan Tovuz” məğlubiyyəti ilə başlayan "qırmızı-qaralar", bu dəfə doğma azarkeşləri önündə debütant “Şəfa”ya uduzaraq azarkeşlərini növbəti dəfə məyus etdi. İki turdan sonra aktivində xalı olmayan yeganə komandanın məhz “Qəbələ” olması artıq həyəcan təbillərinin çalınmasına əsas verir.
Hələ dörd mövsüm əvvəl ölkə kubokunu başı üzərinə qaldıran və avrokuboklarda ölkəmizi təmsil edən bir klubun bu gün düşdüyü acınacaqlı vəziyyət ciddi suallar doğurur. 1-ci Liqadan elitaya qayıtdıqdan sonra heyətə kifayət qədər legioner cəlb edilsə də, meydandakı mənzərə dəyişmir. Ötən mövsümdən bəri davam edən eniş tendensiyası yeni "futbol ili"ndə də eynilə təkrarlanır.
Problem yalnız nəticələrdə deyil, komanda daxilindəki mühitdədir. Futbolçuların Kaxaber Sxadadzenin təzyiqindən və üslubundan zara gəldiyi aydın sezilir. Gürcüstanlı mütəxəssisin təcrübəsi və məşqçilik keyfiyyətləri şübhə doğurmasa da, onun sərt xarakteri və indiki idarəçilik yanaşması gənclərin çoxluq təşkil etdiyi heyətlə üst-üstə düşmür. Bu psixoloji gərginlik fonunda hər hansı uğurdan söhbət gedə bilməz.
Əslində, klub rəhbərliyinin yayda verdiyi iddialı bəyanatlar azarkeşlərdə böyük ümid yaratmışdı. İlk turda “Turan Tovuz”a uduzanda heç kim komandanı kəskin tənqid etmədi. Lakin öz meydanında liqanın yeni gələn komandası “Şəfa”ya xallar vermək artıq “qırmızı çizgi”nin keçilməsi deməkdir. Ötən mövsüm heç olmasa məzmunlu oyun var idi, sadəcə nəticə gəlmirdi; indi isə nə oyun var, nə də xal - yəni həm şiş yanır, həm də kabab.
Vaxtilə Azərbaycan futboluna saysız-hesabsız istedadlar bəxş edən akademiyanın fəaliyyəti məhdudlaşdırıldı, əvəzində isə böyük ümidlərlə legionerlər gətirildi. Yekun nəticə isə göz qabağındadır... Çox guman ki, Kaxaber Sxadadze üçün Qəbələdə geri sayım artıq başlayıb və rəhbərliyin kəsərli qərar vermək vaxtı çatıb.


