Azərbaycan daha bir mötəbər yarışa uğurla ev sahibliyi etdi və bu sınaqdan da üzüağ çıxdı.

 Söhbət Bakıda keçirilən U-17 dünya çempionatından gedir. Turnir zamanı həmsöhbət olduğum qonaqların demək olar ki, hamısından eyni fikri eşitdim: təşkilatçılıq yüksək səviyyədə idi. Qeyd edim ki, yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edirdi.

Dünya çempionatının davam etdiyi yeddi gün ərzində nə hər hansı neqativ hadisə, nə də ciddi texniki problem diqqət çəkdi. Görünən o idi ki, federasiya yarışın təşkilinə xüsusi hazırlaşıb, ən xırda detallar belə nəzərə alınıb.

Turnirlə bağlı sevindirici məqamlardan biri də azarkeş marağı idi. Demək olar ki, əksər görüşlərdə tribunaları dolu gördük.

Təəssüf ki, bu xoş sözləri yalnız döşəyin həndəvərinə aid edə bilirik. Çünki azərbaycanlı güləşçilərdən heç biri döşəkdən çempion kimi ayrılmadı.

29 idmançı ilə yarışa qatılan millimiz turniri 7 medalla başa vurdu. Yunan-Roma komandasında Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq), Elmir Çərkəzov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medal qazandılar. Millimiz 107 xalla dünya çempionatının gümüş kubokuna sahib çıxdı. Rusiya 127 xalla birinci, İran isə 96 xalla üçüncü oldu.

Yeniyetmələrdən ibarət yunan-Roma millisinin baş məşqçisi Rafiq Hüseynov saytımıza açıqlamasında nəticəni belə dəyərləndirdi:

"İdmançılarımdan tam razıyam. Düzdür, qızıl medal da qazana bilərdik, amma bu, idmandır. Belə hallar baş verir. Yeniyetmələr arasında keçirilən yarışlarda bunun yaşanması normaldır. Bizim əsas məqsədimiz gələcəyin Olimpiya fondunu formalaşdırmaqdır. Qızıl medal qazanmadığımız üçün matəmə ehtiyac yoxdur. Həm medal qazanan, həm də qazana bilməyən idmançıları dəstəkləmək lazımdır. Bu yaşda onların motivasiyaya böyük ehtiyacı var".

Elə qızıl medal həsrəti çəkdiyimiz bir vaxtda qadın güləşçilərimizin nəticəsi ilə silkələndik. Dünya çempionatına 9 idmançı ilə qatılan U-17 yığması turniri medalsız başa vurdu. Qadınlardan ibarət yığmadan böyük gözləntilər olmasa da, doğma azarkeşlər önündə heç olmasa bir medal qazanacaqlarına ümid vardı. Təəssüf ki, olmadı.

17 yaşadək qadın güləşçilərdən ibarət Azərbaycan millisinin böyük məşqçisi Mariya Stadnik yarışdan sonra verdiyi açıqlamada uğursuz nəticələrə görə məsuliyyəti öz üzərinə götürdüyünü dedi.

Və nəhayət, sərbəst güləş…

Komandamız yarışa 10 idmançı ilə qatılmışdı. Onlardan yalnız 51 kq çəki dərəcəsində çıxış edən İbrahim Həsənov finalda iranlı Benyamin Mayvana 1:5 hesabı ilə məğlub olaraq gümüş medal qazandı. Vəssalam… 10 idmançıdan cəmi bir medal.

17 yaşadək sərbəst güləşçilərdən ibarət Azərbaycan millisinin böyük məşqçisi Hacı Əliyev nəticəni belə şərh etdi:

“İstərdim ki, 10 sərbəst güləşçimizin hər biri medal qazansın. Dünya çempionatının başlanmasına cəmi ayyarım qalmış komandada fəaliyyətə başladım. Bu, mənim məşqçi kimi ilk işimdir. Güləşçi olarkən nəticə qazanmaq başqa şeydir, məşqçi kimi uğur əldə etmək isə tamam başqadır. Bir məqamı da qeyd etmək istəyirəm. Yunan-Roma və qadın güləşi ilə müqayisədə sərbəst növdə ABŞ, Yaponiya və İran idmançıları çox güclüdürlər. Buna görə də rəqabət daha çətindir. Düşünürdüm ki, doğma azarkeşlər önündə çıxış etmək idmançılarımızı ruhlandıracaq. Amma bu həvəs sonda həyəcanla əvəz olundu.”

Yarışın son günündə hamımız İbrahim Həsənovun finalını bəlkə də yeganə qızıl medal ümidi ilə izlədik. Təəssüf ki, bu ümid də özünü doğrultmadı və sərbəst güləş yığmamız da Azərbaycanı qızılla sevindirə bilmədi.

Əslində, emosiyalara qapılıb uğursuz nəticə barədə çox söz demək olar. Amma Hacı Əliyevin səsləndirdiyi arqumentlər insanı düşünməyə vadar edir. Komandanın başına keçməsindən cəmi ayyarım keçən məşqçidən dərhal nəticə tələb etmək nə dərəcədə doğrudur?

Qısası, qızıl yoxdur, medalların sayı da gözləniləndən azdır. Amma ümid hələ də var. Əvvəla, nəzərə almaq lazımdır ki, bu yarışda döşəyə çıxanlar yeniyetmələrdir. Onların gələcəyi qabaqdadır. Bu yaşda edilən sərt bir tənqid belə onların həvəsini qıra, bəlkə də güləşə küsdürə bilər.

Məşqçilərə gəlincə isə, Rafiq Hüseynov, Mariya Stadnik və Hacı Əliyevin hər üçü bu vəzifədə yenidirlər. Görüləcək işlər də, qazanılacaq qələbələr də hələ qarşıdadır. Əgər növbəti il də eyni mənzərə olsa, o zaman başqa məsələ.

Bu gün isə...

Azərbaycan güləş tarixinə adını qızıl hərflərlə yazdıran hər üç idmançını bu gün qızıl medal yoxdur deyə daş-qalaq etmək ədalətlidirmi?