Arsen Venger FIFA-nın Dünya Çempionatının yayım hüquqlarının satışı ilə bağlı planlarına münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, ötən həftə FIFA-nın "FIFA Forward Enterprise" adlı yeni kommersiya qurumu yaratmaq niyyətində olduğu məlum olmuşdu. Lakin futbol konfederasiyalarının tənqidi və UEFA-ya üzv ölkələrin boykot təhlükəsi səbəbindən Canni İnfantino bu ideyadan imtina edib.

Venger mövzu ilə bağlı bunları deyib:

"FIFA-da qlobal futbolun inkişafı üzrə rəhbər vəzifəni icra edirəm. Komandamla birlikdə oyunların analizini, FIFA-nın onlayn tədris platformasını, 60 ölkədəki akademiyalarda gənclərin təlim sistemini və dünya üzrə aşağı yaş qruplarının turnirlərini idarə edirəm. Bundan əlavə, IFAB-da texniki məsləhətçiyəm. Bu strateji planın hazırlanmasında iştirak etməmişəm və layihə barədə ilk dəfə mediadan xəbər tutmuşam. İdeyanın ləğv edilməsi tamamilə doğru və zəruri qərardır. Çünki mən müstəqil, məsuliyyətli, şəffaf və ədalətli FIFA-nın futbola xidmət etməsinə inanıram".