Azərbaycanın gənclərdən (U-21) ibarət cüdo yığması Daşkənddə keçirilən dünya çempionatını üç medalla başa vurdu. Noyabrın 19-dan 22-dək Özbəkistanın paytaxtında davam edən turnirdə 78 ölkədən 574 idmançı mübarizə aparırdı. Baş məşqçi Rüstəm Alimlinin rəhbərlik etdiyi komandamız 14 cüdoçu ilə, 9 oğlan və 5 qızla təmsil olunurdu. Ramazan Əhmədov (+100 kq) gümüş, Məhəmməd Musayev (66 kq) və Davud Namazlı (100 kq) isə bürünc medal qazandı. Bu nəticə ilə Azərbaycan medal cədvəlində 10-cu yeri tutdu.

Dünya çempionatında rəqabətin səviyyəsini medal cədvəli də göstərir. Rusiya 11 medalla birinci oldu, Yaponiya 9 medal qazandı. Belə bir mübarizədə üç medal pis nəticə sayılmaz.

Medal cədvəli (ilk 10 ölkə)

Yer

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

Rusiya

4

3

4

11

2

Yaponiya

2

2

5

9

3

Türkiyə

2

1

0

3

4

Fransa

2

0

2

4

5

Özbəkistan

1

1

1

3

6

Qırğızıstan

1

1

0

2

7

Qazaxıstan

1

0

1

2

8

Monqolustan

1

0

0

1

8

Serbiya

1

0

0

1

10

Azərbaycan

0

1

2

3

 

Komandanın gözlədiyi qızıl isə bu dəfə gəlmədi. Rüstəm Alimli turnirdən sonra bunu açıq etiraf edib: "Əslində ən azı bir qızıl medal qazanmağı hədəfləyirdik". Baş məşqçinin sözlərinə görə, şanslar var idi, amma onlardan istifadə etmək mümkün olmadı. Alimli bununla belə turniri uğurlu sayır və 2026-cı ilin gənclər komandası üçün yaxşı keçdiyini vurğulayır.

Əhmədovun finalı

Turnirin ən parlaq çıxışı Ramazan Əhmədovun adına yazıldı. 20 yaşlı cüdoçu ağır çəkidə finala qədər dörd görüş keçirdi və hamısında qalib gəldi. O, monqol Temuulen Munxçuluunu və niderlandlı Steyn Oldenhofu ippon ilə məğlub etdi, estoniyalı Marek-Adrian Mäsakın öhdəsindən yuko ilə gəldi, yarımfinalda isə türk Mahmutcan Madenini məğlub etdi.

Finalda isə qarşısına köhnə tanışı, türk İbrahim Tataroğlu çıxdı. İki idmançı kadetlər vaxtından bir-birini yaxşı tanıyır. Statistika türk cüdoçunun xeyrinədir: yeddi görüşdə Əhmədov yalnız bir dəfə qalib gəlib. Daşkənddə də Tataroğlu üstün oldu. Amma bu məğlubiyyət Əhmədovun uğurunu kölgədə qoymur. Bu, onun gənclər arasında dünya çempionatlarında ilk medalıdır. Sentyabrda Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazanan cüdoçu Daşkənddə bir pillə yuxarı qalxdı. Gümüş medalı ona gənclər və idman naziri Fərid Qayıbov təqdim etdi.

Maraqlıdır ki, iki il əvvəl Düşənbədə də bu çəkidə Azərbaycana gümüş medalı Kənan Nəsibov gətirmişdi. Nəsibov bu gün böyüklər arasında Zaqreb Qran-prisinin iki qat qalibidir. Ağır çəkidə yeni nəslin yetişməsi millimiz üçün sevindirici xəbərdir.

Musayev və Namazlının bürüncləri

Məhəmməd Musayevin bürünc medalı onun gənclər arasında dünya çempionatlarında ikinci ardıcıl mükafatıdır. Ötən il Perunun paytaxtı Limada da bürünc qazanan Musayev Daşkənddə danimarkalı Magni Lauritseni və əlcəzairli Mohamed Amin Deguahı məğlub etdi. 1/4 finalda isə 2025-ci ilin gənclər arasında dünya çempionu gürcü Tornike Giqaurinin öhdəsindən gəldi. Bu görüşdə hesabda geri qalsa da, qələbəni qopara bildi. Yarımfinalda sonradan çempion olan rusiyalı Abdullax Parçiyevə uduzsa da, bürünc medal görüşündə daha bir rusiyalı rəqibi, İslam Sultikovu məğlub etdi. Bu il Avropa çempionu olan Musayevdən qızıl gözlənilirdi, amma iki ardıcıl dünya medalı onun sabitliyini göstərir.

Davud Namazlının bürüncü isə ilin məntiqli yekunu kimi görünür. 20 yaşlı cüdoçu bu il Skopyedə Avropa kubokunu qazanıb, Avropa çempionatında və Düşənbədə gənclər arasında Qran-pridə bürünc medal alıb. Daşkənddə o, qırğız Fadil İsmaqambetovu və özbək Muxammadobid Maxmarayimovu məğlub etdi. 1/4 finalda sonradan çempion olan qazax Sancar Yerulanulıya uduzdu, amma təsəlli görüşündə fransız Qaya Zonntaqı ippon ilə yıxdı. Bürünc medal görüşündə isə gürcü Nikoloz Zaalişvilini məğlub etdi. Məğlubiyyətdən sonra yenidən toparlanmaq bacarığı onun bu turnirdəki ən böyük qazancıdır.

Qadın cüdosu: uğurlar var, ardıcıllıq yoxdur

Azərbaycan qadın idmanında, o cümlədən cüdoda, uğurları ilə seçilən ölkə deyil. Ölkəmiz Olimpiya Oyunlarında cüdo üzrə medalların hamısını kişilərin hesabına qazanıb. Amma qadın cüdomuzun da yaddaqalan səhifələri var və onların ən parlağı Kifayət Qasımovanın adı ilə bağlıdır. 57 kq çəkidə çıxış edən Qasımova 2006-cı ildə Tamperedə Avropa çempionatının gümüş, 2007-ci ildə Belqradda və 2008-ci ildə Lissabonda bürünc mükafatçısı olub. 2009-cu ildə isə Rotterdamda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Son illərdə qadın cüdosunda yeni adlar görünməyə başlayıb. 2023-cü ildə Xədicə Qədəşova kadetlər arasında dünya çempionu olaraq Azərbaycan cüdo tarixində bu adı qazanan ilk qadın idmançı oldu. Cəmi bir ay əvvəl, oktyabrın 29-da isə Könül Əliyeva Əbu-Dabidə "Böyük dəbilqə" turnirini qazanan ilk azərbaycanlı qadın cüdoçu kimi tarixə düşdü. Bu nəticələr potensialın olduğunu göstərir. Amma qadın cüdosunda uğurlar hələ ki, ayrı-ayrı idmançıların adı ilə bağlıdır və ardıcıl xarakter almayıb.

Daşkənddə də mənzərə dəyişmədi. Komandamızda 5 qız var idi, amma heç biri medal qazana bilmədi. Nərgiz Əhmədova (48 kq) 1/8 finalda sonradan çempion olan rusiyalı Sofiya Zaxarovaya, Hanna Zaytseva (63 kq) isə yenə sonradan çempion olan fransız Manon Agati-Aluaşa uduzdu. Vüsalə Hacıyeva (57 kq) ilk görüşündə sonradan bürünc medal qazanan sloveniyalı Nika Tomtsa uduzdu, Aysun Məmmədova (52 kq) da ilk görüşündə mübarizəni dayandırdı.

Qızlar arasında medala ən çox yaxınlaşan Xədicə Qədəşova (57 kq) oldu. 20 yaşlı cüdoçu gürcü Nino Xaraişvilini ağrıdıcı fəndlə, sonra italiyalı Alis Martellaççini və 1/4 finalda kanadalı Lorens Qanyonu məğlub edərək yarımfinala çıxdı. Orada sonradan çempion olan monqol Ariunzaya Terbişə uduzdu. Bürünc medal görüşündə isə sloveniyalı Nika Tomtsa qızıl xalda, üçüncü xəbərdarlıqdan sonra məğlub olaraq 5-ci yeri tutdu. Qədəşovanın 5-ci yeri qadın komandamız üçün ümidverici nəticədir.

Avropa çempionları medalsız qaldı

Sentyabrda Avropa çempionu olan Ayxan Mirzəzadə (60 kq) və Süleyman Şükürov (90 kq) isə Daşkənddə medal qazana bilmədi. Mirzəzadə kiprli Stratos Xaralambusu ippon ilə məğlub etsə də, 1/8 finalda sonradan bürünc medal qazanan gürcü Luka Omanadzeyə uduzdu. Şükürov ilk görüşündə ev sahibi Özbəkistanı təmsil edən İnomcon Baxodirova məğlub oldu. Avropa ilə dünya çempionatı arasında fərq böyükdür: Yaponiya, Rusiya və Mərkəzi Asiya ölkələri kimi güclü məktəblərin idmançıları burada rəqabəti xeyli kəskinləşdirir. Hər iki cüdoçu üçün bu təcrübə gələcəkdə faydalı olacaq.

Çempionlara uduzanlar

Komandamızın çıxışını qiymətləndirərkən bir detala diqqət yetirmək lazımdır: 14 cüdoçumuzdan 7-si sonradan dünya çempionu olan rəqiblərə uduzub. Medalçılarımızdan başqa Mehdi Abbasov (81 kq) da 1/8 finalda sonradan çempion olan rusiyalı Yaroslav Bunakova uduzdu, qızlardan Zaytseva və Əhmədova da eyni aqibəti yaşadı. Yəni təmsilçilərimizin bir hissəsi turnirin ən güclü idmançıları ilə erkən mərhələdə qarşılaşıb.

Cüdoçu

Mərhələ

Rəqib

Rəqibin nəticəsi

Ramazan Əhmədov (+100 kq)

Final

İbrahim Tataroğlu (Türkiyə)

Çempion

Məhəmməd Musayev (66 kq)

Yarımfinal

Abdullax Parçiyev (Rusiya)

Çempion

Xədicə Qədəşova (57 kq)

Yarımfinal

Ariunzaya Terbiş (Monqolustan)

Çempion

Davud Namazlı (100 kq)

1/4 final

Sancar Yerulanulı (Qazaxıstan)

Çempion

Mehdi Abbasov (81 kq)

1/8 final

Yaroslav Bunakov (Rusiya)

Çempion

Hanna Zaytseva (63 kq)

1/8 final

Manon Agati-Aluaş (Fransa)

Çempion

Nərgiz Əhmədova (48 kq)

1/8 final

Sofiya Zaxarova (Rusiya)

Çempion

 

Digər təmsilçilərimizdən Cəsur İbadlı (81 kq), Aslan Kotsoyev (90 kq) və Canpolad Əliyev (100 kq) 1/16 finalda mübarizəni dayandırdı.

Komandamızın nəticələri

Cüdoçu

Çəki

Nəticə

Kimə uduzub

Ramazan Əhmədov

+100 kq

Gümüş

İbrahim Tataroğlu (Türkiyə, çempion)

Məhəmməd Musayev

66 kq

Bürünc

Abdullax Parçiyev (Rusiya, çempion)

Davud Namazlı

100 kq

Bürünc

Sancar Yerulanulı (Qazaxıstan, çempion)

Xədicə Qədəşova

57 kq

5-ci yer

Ariunzaya Terbiş (Monqolustan, çempion), Nika Tomts (Sloveniya, bürünc)

Ayxan Mirzəzadə

60 kq

1/8 final

Luka Omanadze (Gürcüstan, bürünc)

Mehdi Abbasov

81 kq

1/8 final

Yaroslav Bunakov (Rusiya, çempion)

Hanna Zaytseva

63 kq

1/8 final

Manon Agati-Aluaş (Fransa, çempion)

Nərgiz Əhmədova

48 kq

1/8 final

Sofiya Zaxarova (Rusiya, çempion)

Cəsur İbadlı

81 kq

1/16 final

Amincon Abducəlilzoda (Tacikistan)

Aslan Kotsoyev

90 kq

1/16 final

Ademirkan Tambiyev (Rusiya)

Süleyman Şükürov

90 kq

1/16 final

İnomcon Baxodirov (Özbəkistan)

Canpolad Əliyev

100 kq

1/16 final

Vladimir Dosyak (Rusiya)

Vüsalə Hacıyeva

57 kq

1/16 final

Nika Tomts (Sloveniya, bürünc)

Aysun Məmmədova

52 kq

1/16 final

Rima Burixan (Kanada)

 

Növbəti mərhələ: böyüklər arasında sınaq

Daşkənd çempionatı gənclər komandamız üçün uğurlu ilin son böyük sınağı idi. Sentyabrda Podqoritsada keçirilən Avropa çempionatında 3 qızıl və 2 bürünc medal qazanan komanda dünya birinciliyində də medalsız qayıtmadı. Rüstəm Alimlinin sözlərinə görə, məşqçilər artıq görüşləri təhlil edir və bəzi gənc cüdoçular böyüklər yığmasına cəlb olunmağa başlayıb.

Növbəti il komandanın tərkibi xeyli yenilənəcək, çünki bir çox idmançı böyüklər kateqoriyasına keçir. Əhmədovun, Musayevin, Namazlının və Qədəşovanın Daşkənddə göstərdiyi mübarizə onların böyüklər arasında da söz sahibi ola biləcəyinə ümid verir. Qızıl medal isə hələlik gələcəyin hədəfi olaraq qalır.