"Sabah" ev oyunlarını Masazırdan Mərdəkana köçürəndə stadiona azarkeş gəlməyəcəyi deyilirdi. İlk rəqəmlər bu qorxuları təsdiqləmir.

Mövsümün əvvəlində Masazırda "Sabah"ın ev oyunlarını 1132 ("Kəpəz") və 1150 ("İmişli") nəfər izləmişdi. Mərdəkanda "Araz-Naxçıvan"la son oyunda isə stadiona 973 tamaşaçı gəlib. Fərq cəmi 150-170 nəfərdir.

Mərdəkandakı debüt oyunu - "Qarabağ"la görüş isə daha maraqlı göstərici verib: matçı 5180 azarkeş izləyib. Demək olar ki, tribunalarda boş yer yox idi.

Beləliklə, digər rəqiblərlə oyunlarda azarkeş sayı Masazırdakı səviyyəyə yaxın qalır, böyük matçlarda isə Mərdəkanda tribunalar yaxşı dolur. Köçün təsirini dəqiq qiymətləndirmək üçün daha çox oyun lazımdır, amma ilkin mənzərədə azarkeş "itkisi" müşahidə olunmur.

Lakin təəssüf ki, bu rəqəmlər Çempionlar Liqasında oynayan, ölkənin son çempionu olan komanda üçün çox azdır — istər Masazırda, istərsə də Mərdəkanda.