Bilbaonun "Atletik" klubunun hücumçusu Niko Uilyams qış transfer pəncərəsində PSJ-yə mümkün keçidi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı ispaniyalı futbolçu DAZN telekanalının efirində hazırda yalnız oyunlara kökləndiyini deyib:

"Düzünü desəm, ətrafımda nələrin baş verdiyindən heç bir xəbərim yoxdur. Bütün diqqətimi bugünkü kimi oyunlar keçirməyə yönəltmişəm və vəziyyətdən razıyam".

Xatırladaq ki, daha əvvəl mətbuatda Xviça Kvaratsxeliya və Dezire Duenin zədələnməsi səbəbindən Paris klubunun yanvar ayı üçün transfer siyahısına Niko Uilyamsı da daxil etdiyi bildirilirdi. PSJ-nin mümkün namizədləri sırasında Abde Ezzalzuli ("Betis"), Antonio Nusa ("RB Leypsiq") və Estevaonun ("Çelsi") da adları çəkilirdi. Parislilərin idman müşaviri Luiş Kampuş isə heyət itkiləri fonunda həll yolları axtardıqlarını təsdiqləsə də, mətbuatda yayılan transfer şayiələrinin əksəriyyətini tənqid edib.