Gürcüstanın baş naziri İrakli Kobaxidze Batumidə keçirilən "Beşiktaş" – "Hapoel" (2:1) oyunu zamanı baş verən hadisələrə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Avropa Liqasının neytral meydanda keçirilən qarşılaşmasında tribunada baş verən iğtişaşlara görə matç yarım saatlıq dayandırılıb. "Beşiktaş" azarkeşləri Gürcüstan polisi ilə qarşıdurmaya girib və Fələstinə dəstək şüarı olan banner meydana keçirilib.

Baş nazir bildirib ki, Türkiyə klubu tam tribunalar önündə oynamaq üçün Gürcüstana müraciət edib və bu istək nəzərə alınıb. Onun sözlərinə görə, əksər türk azarkeşləri Gürcüstana hörmətlə yanaşıb və layiqli davranıb, lakin bir neçə yüz nəfəri azarkeş adlandırmaq mümkün deyil: "Əgər oyundan əvvəl sərxoş olursansa və meydanda özünü idarə edə bilmirsənsə, səni azarkeş adlandırmaq olmaz. Bəziləri polisə, bəziləri isə bir-birinə qarşı aqressiv davranıb. Gürcüstan polisi vəziyyətə müdaxilə edib və iğtişaşların böyüməsinin qarşısını alıb. Bundan başqa, təhqiredici bannerlərin ölkəyə gətirilməsinə imkan verilməyib. Əksəriyyət qonaq kimi layiqli davranıb, lakin bir neçə yüz nəfər qeyri-etik hərəkətlər edib və polisə qarşı kobudluq göstərib".

Kobaxidze əlavə edib ki, Gürcüstanın əsas məqsədi iqtisadi gəlir yox, dost ölkəyə dəstək göstərmək olub və polisin peşəkar fəaliyyəti sayəsində ictimai asayiş bərpa edilib.