Fransalı müdafiəçi Uesli Fofana "Çelsi" azarkeşlərinin təhqir və irqçi mesajlarından sonra X sosial şəbəkəsindəki hesabını silib.
Offsideplus.az xəbər verir ki, 25 yaşlı futbolçu dünən "Nottingem Forest"lə oyunda (2:3) hər dəfə topa toxunduqda tribunalar tərəfindən fitə basılıb. Qarşılaşmadan əvvəl yayımlanan müsahibəsində Fofana klubda qalmaq qərarını maddi səbəblərlə izah edib. Həmin oyunda onun qaydası pozması "Çelsi"nin qapısına penalti ilə nəticələnib.
Hazırda futbolçunun X-dəki səhifəsinə daxil olmaq mümkün deyil və "Bu hesab mövcud deyil" mesajı görünür. The Sun nəşri hesabın tamamilə silinib-silinmədiyinin və ya müvəqqəti deaktiv edilib-edilmədiyinin hələ bəlli olmadığını qeyd edib. Fofananın Instagram profili isə aktiv olaraq qalır.


