"Neftçi" futzal klubunun baş məşqçisi Fuad Rzayev "Şuşa"nı 13:2 hesabı ilə məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis görüşün komandasının üstünlüyü şəraitində keçdiyini və rəqibin heyətini keçmiş oyunçularla gücləndirdiyini bildirib:

"Rəqibin bu il heyətini keçmiş oyunçularla gücləndirdiyini bilirdik. Bəxtiyar Soltanov və əvvəldən tanıdığımız Əsgər Abasov komandaya qoşulub. Heyət baxımından daha üstün idik və oyun da bizim üstünlüyümüzlə keçdi. Bütün komandamızı, futbolçularımızı təbrik edirəm, "Şuşa"ya isə gələcək oyunlarda uğurlar arzulayıram".

Baş məşqçi qarşıdakı hədəflərdən də danışaraq bu mövsüm çempionluğa nail olmaq istədiklərini vurğulayıb:

"Keçən ilki kimi bu il də əsas hədəfimiz çempionluqdur. Yarıda qalan işimiz var və düşünürəm ki, məqsədimizə çatmalıyıq. Ötən mövsüm eyni xala malik olsaq da, cəmi bir qol fərqinə görə çempionluğu əldən vermişdik. Bu il həmin səhvləri təkrarlamamağa çalışacağıq. İlk gündən qarşımıza qoyduğumuz çempionluq hədəfinə çatacağımıza inanıram".