"Kəpəz"in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının 13-cü turunda "Turan Tovuz"a 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında məğlubiyyətə layiq olmadıqlarını bildirib:
"Qərb derbisinin bizim üçün nə qədər vacib olduğunu bilirdik. Çempionatın liderlərindən birinə, fiziki cəhətdən güclü rəqibə qarşı oynayırdıq. Buna baxmayaraq, futbolçularımız yaxşı mübarizə apardılar və asanlıqla təslim olmayacağımızı göstərdilər. Ən azı bir xal qazanmağa layiq idik. Gəncədən gələrək bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm".
- Vaxtilə "Turan"da da çıxış etmisiniz. Oynadığınız dövrün Qərb derbiləri ilə indikiləri necə müqayisə edərdiniz?
- Mənim oynadığım illər Tovuz futbolunun ən yaxşı dövrlərindən biri idi. Xüsusilə 2004/2005 mövsümü çempionatımızın ən maraqlı illərindən olub. O vaxt derbilərdə azarkeş sayı daha çox idi, amma bu gün də stadionda xoş atmosfer var idi.
- "Turan Tovuz"un standart vəziyyətlərdən təhlükəli olduğunu bilirdiniz. Bunun qarşısını almaq üçün hansı tapşırıqları vermişdiniz?
- Həftəboyu məşqlərdə rəqibin uzun ötürmələrinə və standart vəziyyətlərinə qarşı hazırlaşmışdıq. Lakin boy və fiziki göstəricilər baxımından rəqib oyunçulardan geri qalırıq. Təəssüf ki, hər iki qolu məhz bu epizodlardan buraxdıq.
- İkinci qoldan sonra futbolçularınıza irad bildirdiniz. Narazılığınızın səbəbi nə idi?
- Əslində, həmin vaxt köməkçim Etibar İbrahimovla fikirlərimi bölüşürdüm. Meydana sonradan buraxdığımız iki oyunçudan rəqibin uzun ötürmələrinə mane olmağı istəmişdim. Tapşırığı yerinə yetirə bilmədikləri üçün əsəbiləşdim.
- Qarşıda "Qəbələ" və "Sumqayıt"la görüşlər var. Hədəf nə olacaq?
- Biz hər matça qələbə üçün çıxırıq. Səkkiz turdan sonra ilk dəfədir ki, səfərdə qapımızda iki top görürük. Növbəti görüşlərdə də müdafiədə diqqətli olub, maksimum xal toplamağa çalışacağıq.


