Dominikan Respublikasının milli komandasının üzvü Lester Kinyones Avropa klublarından aldığı təkliflər barədə danışıb. O, FIBA Dünya Kuboku 2027-nin seçmə mərhələsində Kolumbiya ilə oyun öncəsi jurnalistlərin suallarını cavablandırarkən "Real Madrid" və "Barselona"dan birbaşa maraq olduğunu təsdiqləyib. Bununla belə, əsas məqsədinin yenidən NBA-də müqavilə qazanmaq olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, Nyu-Yorkda doğulan 26 yaşlı müdafiəçi Avropa klublarının illərdir onu izlədiyini və son günlərdə yenidən əlaqə saxladıqlarını deyib. "Real Madrid", Andres Feliz, "Barselona" – hamısı maraqlanır. Bəli, "Barselona"dan mənə zəng etdilər, keçən il yox, elə keçən həftə", – deyə Kinyones vurğulayıb. O əlavə edib ki, Avropanın aparıcı klubları daim əlaqədə olur və böyük maliyyə imkanlarına malikdir, lakin hazırda diqqətini yalnız NBA-yə yönəldib.

Hazırda "Mayami Hit"in G Liqa filialı "Sioux Falls Skyforce"da çıxış edən Kinyones son oyunlarda orta hesabla 30 xala yaxın nəticə göstərdiyini və bunun NBA-yə qayıtmağa layiq olduğunu sübut etdiyini bildirib. O, daha əvvəl "Qolden Steyt Uorriors", "Nyu Orlean Pelikans" və "Filadelfiya 76ers"də ümumilikdə 54 oyunda iştirak edib. "NBA-yə getmək istəyirəm", – deyə Kinyones əlavə edib və yalnız bu şans yaranmasa, digər variantlara baxacağını qeyd edib.

2026-cı ilin sentyabrında Pekində "G League United" komandası ilə FIBA Qitələrarası Kubokunu qazanan Kinyones, Dominikan Respublikasının əsas yığmasına FIBA Dünya Kuboku 2023-ün seçmə mərhələsindən sonra ilk dəfə qoşulub. O, milli komanda üçün oynamağın böyük fədakarlıq olduğunu, lakin buna dəyər verdiyini bildirib. Kinyones bu sözlərini meydanda da təsdiqləyib və Kolumbiya üzərində qazanılan səfər qələbəsində 22 xalla komandasının ən məhsuldar oyunçusu olub.