Amerikalı döyüşçü Kodi Qarbrandt fevral ayında UFC-də sonuncu dəfə qəfəsə çıxacağını açıqlayıb. O bildirib ki, ailəsinə daha çox vaxt ayırmaq üçün karyerasını başa vurmaq qərarına gəlib.
Offsideplus.az xəbər verir ki, Qarbrandt bu barədə belə danışıb: "On aylıq qızım, səkkiz yaşlı oğlum var, fevralda daha bir oğlum dünyaya gələcək. Düşünürəm ki, Klivlenddə çıxış edəcəyəm və bu, mənim son döyüşüm olacaq. Fevralda oktaqona çıxmağı səbirsizliklə gözləyirəm, rəqibimin kim olmasının fərqi yoxdur. Möhtəşəm karyeram olub, dünya çempionu olmuşam. Heç kim bu qədər uğur qazanacağımı gözləmirdi. Şon Şelbi ilə danışmışam, müqavilə üzrə bir döyüşüm qalıb və o, mənə bu döyüşü keçirməyə icazə verəcək. Əbədi döyüşmək mümkün deyil. İdmanda 12 il ərzində yaxşı bir yol keçmişəm. Bir çoxları bütün karyerası boyu mənim UFC-də iki ilə əldə etdiklərimə can atır. RAF mənim əsas prioritetimdir. Güləşlə bacardığım qədər məşğul olmaq istəyirəm. Bu, mənim ilk sevgim və məşğul olduğum ilk idman növü olub, sonra MMA-ya keçmişəm və güləş karyeramı istədiyim kimi bitirə bilməmişəm. Son döyüşüm doğma ştatımda, Klivlenddə olacaq. Böyük qələbə ilə vidalaşmaq əla olardı, amma bəzən nağıl sonluqlar olmur, hər şeyə hazıram". Qeyd edək ki, Qarbrandt 2016-cı ildə UFC-nin yüngül çəkidə çempionu olub və Dominik Kruzu məğlub edib. Daha sonra iki dəfə Ti Cey Dillaşouya titul döyüşlərində uduzub.


