Stefen Karri qarın əzələsindəki zədə səbəbindən "Qolden Steyt Uorriors"un növbəti üç oyununda iştirak etməyəcək. Klubun lideri fərdi məşqlərə başlasa da, həkimlərin qərarına əsasən, bərpa prosesi davam edir.
Offsideplus.az xəbər verir ki, Karri bu müddətdə komandanın səfər oyunlarında iştirak etməyəcək və San-Fransiskoda klubun tibbi heyətinin rəhbəri Rik Selebrini ilə işləyəcək. O, həm "Portlend Treyl Bleyzers"lə bugünkü qarşılaşmanı, həm də bazar günü "LA Klippers"ə qarşı ev oyununu buraxacaq. Yenidən tibbi müayinə səfərdə "Yuta Caz"la matçdan sonra, çərşənbə günü keçiriləcək.
Karri noyabrın 11-də "Hyuston Rokets"lə səfər oyununda zədələnmişdi. Həmin qarşılaşmaya qədər "Qolden Steyt Uorriors" səkkiz oyunluq qələbə seriyası ilə irəliləyirdi, lakin ulduz oyunçunun yoxluğunda komanda beş səfər matçının hamısında məğlub olub. Son günlərdə isə kaliforniyalılar "Boston Seltiks" və "Sakramento Kinqs" üzərində ardıcıl iki ev qələbəsi ilə vəziyyəti düzəldə biliblər.
Cari mövsümdə Stefen Karri 10 oyunda orta hesabla 27,8 xal, 26,3 dəqiqə meydançada keçirib. O, ümumi atışlarda 50 faiz, üçxallıq atışlarda isə 45,7 faiz dəqiqliklə oynayıb və cərimə atışlarında 76 cəhddən yalnız birini qaçırıb.


