Türkiyənin tanınmış basketbol məşqçisi Ergin Ataman Fransa mətbuatında ona qarşı irəli sürülən irqçilik ittihamlarına münasibət bildirib. Ataman bir neçə gün əvvəl FIBA-nın Tarik Biberoviçin Türkiyə millisində oynamasına icazə verməməsi ilə bağlı narazılığını ifadə etmişdi. Onun bu açıqlamaları Fransa mətbuatında və Evan Furnyenin reaksiyası ilə gündəmə gəlmişdi.

Offsideplus.az xəbər verir ki, Ergin Ataman sosial şəbəkə hesabında yayımladığı açıqlamada fikirlərinin yanlış anlaşıldığını bildirib. O qeyd edib ki, "Qara oyunçu" ifadəsi basketbol terminologiyasında tez-tez işlədilir və heç bir halda irqçi məna daşımır. Ataman vurğulayıb ki, 30 illik məşqçilik karyerası ərzində müxtəlif millətlərdən olan oyunçularla işləyib və onlarla daim yaxşı münasibət saxlayıb. O, Fransa mətbuatının onu bilərəkdən ittiham etdiyini və bu cür iddiaları qətiyyətlə rədd etdiyini bildirib. Ataman əlavə edib ki, özü də zaman-zaman irqçiliyə məruz qalıb, lakin bütün millətlərə həmişə hörmətlə yanaşıb və heç vaxt irqçiliyi dəstəkləməyib.