Bakı İdman Sarayında start götürən idman sərgisində Azərbaycan Güləş Federasiyasının (AGF) stendi xüsusi maraqla qarşılanıb.
Offsideplus.az xəbər verir ki, muzey konsepsiyası əsasında qurulan guşədə Azərbaycan güləşinin zəngin irsi, əfsanəvi pəhləvanlar və mütəxəssislər haqqında məlumatlar, mühüm yarışlarda qazanılmış kuboklar və nəşrlər nümayiş etdirilib. Stenddə yerləşdirilmiş QR kodlar vasitəsilə interaktiv tapşırıqları yerinə yetirən ziyarətçilərə isə AGF tərəfindən hədiyyələr təqdim olunub.
Gənclər və idman naziri Fərid Qayıbov da sərgiyə baş çəkərək AGF-nin ekspozisiyası, tarixi eksponatlar və müstəqillik dövründə əldə olunan nailiyyətlərlə yaxından tanış olub.
Qeyd edək ki, iki gün davam edən idman sərgisinə bu gün yekun vurulacaq.


