Misli Premyer Liqasının 13-cü turunda "Sabah" öz meydanında "Araz-Naxçıvan"ı 2:0 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, Bakı təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas oyunsonrası mətbuat konfransında görüşün çətin keçdiyini və Çempionlar Liqasından sonra oyuna köklənməyin asan olmadığını bildirib:
"Barselona" ilə oyundan sonra bu matça tam hazırlaşa bilməmişdik. Çətin oyun oldu. "Araz" çox yaxşı topla oynayır, sadəcə rəqibdə zərbə çatışmazlığı hiss olunurdu. Hər şey istədiyimiz kimi alınmadı, amma pressinqdən sonra 3-4 qol epizodu yaratdıq. Çempionlar Liqasından sonra bu matça köklənmək çətin idi".
Litvalı mütəxəssis hakimlikdən narazılığını da gizlətməyib:
"Hakim qərarlarını başa düşmədim, fərqli qərarlar verirlər, anlamıram. Həddindən artıq çox sarı vərəqə göstərildi. Uduzsaydıq, hakimlər barədə danışmazdım, amma hakimlikdən razı qalmadım. Komandamla gecə-gündüz çalışıram, hakimliklə bağlı nəsə dəyişə bilmərəm. Hakimlər barədə düşüncələrim çox pisdir, halbuki Çempionlar Liqasında hakimlikdən narazı qalmırıq".
Dambrauskas azarkeşlərin stadiona az gəlməsi məsələsinə də kəskin münasibət bildirib:
"Bu problemi mən həll edə bilmərəm. Yuri Vernidub azarkeşləri stadiona çağırır, amma az adam gəlir. "Neftçi" və "Qarabağ"la oyunları çıxsaq, çempionatda azarkeş marağı istədiyimiz səviyyədə deyil. Hətta milliyə də 1000-dən çox azarkeş gəlmir. "Kəpəz" və "Turan"a möhtəşəm dəstək var, amma Bakıda bunu görmürük. "İmişli" ilə oyunumuz var deyim, gəlin — inanmıram ki, eşitsinlər. Deyirlər stadion uzaqdır. Şimalda olsaq Cənubdakılar, Şərqdə olsaq Qərbdəkilər uzaq olduğunu deyəcək. Qız Qalasının yanında stadion olsa gələcəklər? "Qarabağ" 13 mövsüm avrokuboklarda oynayıb, amma 500-600 azarkeş gəlib. "Neftçi" flaqmandır, stadionu şəhərə çox yaxındır, amma yenə az azarkeş gəlir".


