"Araz-Naxçıvan"ın qapıçısı Emin Kürdov Yüksək Liqanın 2-ci turunda "Rəvan"ı 8:0 hesabı ilə məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, təcrübəli qolkiper komandanın bu mövsüm də əsas hədəfinin çempionluq olduğunu və heyətdəki yerli futbolçuların üstünlük təşkil etməsindən məmnunluğunu bildirib:
"Hər il olduğu kimi, bu il də "Araz-Naxçıvan" çempionluq uğrunda mübarizə aparacaq. Qarşımıza çempionluq məqsədi və tapşırığı qoyulub. Heyətimizdə dəyişikliklər olub və demək olar ki, komandanın əksər üzvləri yerli futbolçulardır — cəmi bir əcnəbi oyunçumuz var, qalanları yerli, əsasən də yığma üzvləridir. Bu, həm bizim, həm də Azərbaycan futzalı üçün sevindirici haldır. İnşallah, 21-ci dəfə ölkə çempionu olmaq istəyirik".
Emin Kürdov Çempionlar Liqasının elita mərhələsindəki çıxışlarına da toxunaraq təcrübə çatışmazlığını vurğulayıb:
"Heyətdə dəyişikliklər oldu, əsas oyunçular ayrıldı və komanda yenidən, əsasən yerli və gənc futbolçulardan formalaşdı. Elita mərhələsində ilk oyunda Macarıstan çempionu, güclü "Uypeşt"ə qalib gəldik. İkinci görüşdə də şanslarımız var idi, ikinci hissədə 2:1 öndə idik, lakin təcrübə çatışmadı. Düzdür, növbəti mərhələyə keçə bilmədik, çünki yalnız bir komanda adlayırdı, amma son illərdə yerli heyətlə bu mərhələdə qələbə qazanmaq yadıma gəlmir. Ümumilikdə pis çıxış etmədik".


