Azərbaycanı UFC-də təmsil edən Məhəmmədəli Osmanlı dekabrın 5-də moldovalı Pavel Andruşka ilə üz-üzə gələcək.
Offsideplus.az xəbər verir ki, 22 yaşlı döyüşçümüz yerli mediaya onlayn müsahibə verib, suallarımızı cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Hələ hər şey istədiyim kimi getdi. Əslində, axırıncı döyüşümdən sonra vətənə, Azərbaycana qayıtmağı planlaşdırırdım. Amma elə oldu ki, diskvalifikasiya oldu. Menecerimlə danışdım ki, təzədən döyüşmək istəyirəm, ona görə də vətənə qayıda bilmədim. Yenidən hazırlaşdım, düşərgə keçdim. Hazırda top vəziyyətdəyəm, formam əladır. İnşallah, böyük qələbə qazanacağam.
— Vətənə, Azərbaycana qələbə ilə qayıtmaq istəyirsən? Ona görə bu dəfə qayıtmadın?
— Bəli, əlbəttə. Vətənə, təbii ki, qələbə ilə qayıtmaq yaraşar. İnşallah, qələbə ilə qayıdacağam.
— Son döyüş barədə bir qədər danışmağını istərdim. Dəfələrlə UFC çempionu olmaq istədiyini demisən. TUF 34 finalında çempionluğun əldən getməsi sənə əlavə motivasiya veribmi?
— Mən o döyüşü özüm üçün qələbə kimi qəbul etmişəm, qalib gəldiyimi bilirəm. Sadəcə, diskvalifikasiya oldu. Bu, təbii ki, mənə heç bir əngəl deyil, əksinə, daha çox motivasiya verir. İdmançının ömründə belə şey çox olmur. TUF 34-də vuruşdum, finala çıxdım, finalda diskvalifikasiya oldum. Hər döyüşçüyə bu qismət olmur, mənə oldu və özümü göstərdim. Müqaviləm var idi, yenidən döyüş götürdüm. İstərdim ki, orada əlim qalxsın, amma mənim üçün problem deyil. Məqsədim UFC kəmərini götürməkdir.
— Növbəti döyüşə hazırlığın davam edir. Son döyüşlə müqayisədə bu dəfə nəyi fərqli edəcəksən?
— Daha diqqətli olacağıq. Böyük ehtimalla, yerdə zərbə vurmayacağıq. Axırıncı döyüşlə müqayisədə hazırda qat-qat güclü vəziyyətdəyəm, özümü çox yaxşı hiss edirəm. Çünki dayanıb dincəlmədim. Əslində, dincəlməli idim: 3 ay əziyyət çəkmişdim, indi də 2 ay ağır hazırlıq keçdim. Təbii ki, cavanlığımdan istifadə edirəm, amma yenə də dincəlmək lazımdır. Bu döyüşdən sonra, böyük ehtimalla, dincələcəyəm. Mənə elə gəlir ki, karyeramın ən yaxşı vəziyyətindəyəm.
— Sən rəqibini analiz edirsən, rəqibin də səni analiz edir. Səncə, onun üstün və zəif cəhətləri nədir, sənin ondan üstünlüyün nədədir?
— Açığı, yaxşı rəqibdir. 66 kiloda reytinqdə 8-ci yerdə idi. Ağılla, səbirlə vuruşan rəqibdir. Arxa əli var, yaxşı nokautçudur, əlləri yaxşıdır. Amma mənə elə gəlir ki, mənim üçün böyük problem yaratmayacaq, çünki mənim psixologiyam bir az fərqlidir. Rəqibi özümdən zəif görmürəm, amma çəkdiyim əziyyətə də bələdəm. İnşallah, yaxşı olacaq.
— Qeyd etdin ki, rəqibin nokaut gücü var, amma onun bazası güləşdir. Bu görüşdə daha çox güləş gözləyirsən, yoxsa ayaqüstə döyüş?
— Düz deyirsiniz, güləşi yaxşıdır. Amma döyüşlərinə baxsaq, daha çox nokaut edib. Mənim kimi döyüşçünün qarşısında ayaqüstə qalmaq onun üçün yaxşı olmayacaq. Düşünürəm ki, böyük ehtimalla, birinci raundun ilk dəqiqələrində güləşməyə çalışacaq, çünki mən rəqibə yaxşı təzyiq göstərə bilirəm. Amma ayaqüstə əllərindən də istifadə edəcək.
— Rəqibinin qələbələrinin 9-u boğucu və ağrıdıcı fəndlərlədir. Səni analiz edən idmançı isə səninlə güləşməməlidir, çünki yerə aparsa belə, sən onu müxtəlif fəndlərlə boğursan. TUF 34-də də 2 qələbəni məhz belə qazanmısan, ikinci qələbən kimi fənd (buggy choke) isə UFC tarixində olmayıb. Rəqiblərin bunu bildiyi halda niyə səninlə güləşirlər?
— Açığı, güləşənlərin çoxu çarəsizlikdən güləşir. Ayaqüstə onları vururam, onlar da ayağıma girməyə məcbur qalırlar. Mənim qrepplinqim də yüksək səviyyədə olduğu üçün çıxış yolu qoymuram, başqa şey fikirləşmirəm, boğuram.
— Öz çəkində özündən başqa kimi ən təhlükəli hesab edirsən?
— Hazırda UFC çempionu Petr Yandır, böyük ehtimalla, Petr Yan yaxşıdır. Amma təhlükəli gördüyüm heç kəs yoxdur. Mənə elə gəlir ki, hazırda bu çəkidə ən yaxşı mənəm.
— Gələcəkdə yuxarı çəkiyə keçmək planın var?
— Əlbəttə. Mən 61 kiloqram (bantamweight) üçün iriyəm, 66 kiloqram üçün isə normalam. İnşallah, 61 kiloda kəməri götürüb 66-ya keçməyi planlaşdırıram.
— Son döyüşlərdə, xüsusən yarımfinalda sənin UFC prezidentinin diqqətində olduğunu gördük. Final qarşılaşmasından sonra aranızda başqa söhbət olubmu?
— Elə bir söhbət olmayıb, amma Dana White məni çox yaxşı tanıyır. Final döyüşündən sonra Contender Series döyüşləri keçirilirdi, ora getmişdim. Axırıncı dəfə orada Dana White ilə görüşdüm. Məni xatırlayır, unutmur.
— Azərbaycan MMA-sında səndən gözləntilər çox böyükdür. Bu, səndə psixoloji təzyiq yaradır, yoxsa daha da motivasiya edir?
— Təbii ki, motivasiya verir.
— Dünya səviyyəli döyüşçü və UFC çempionu olmaq üçün özündə ən çox hansı xüsusiyyəti inkişaf etdirməlisən?
— Məncə, çempion olmaq üçün güclü beyin, güclü təfəkkür lazımdır. Güclü xəyalların olmalıdır, özünə inanmalısan.
— Azərbaycanda da UFC döyüşləri keçirilir. Növbəti tədbirlərin birində Azərbaycan azarkeşlərinin qarşısında döyüşmək istəyirsənmi?
— Əlbəttə, vətəndə döyüşmək hamının arzusudur. İnşallah, gələndə döyüşəcəyəm.
— Rəqibin Andryoşka peşəkar karyerasında indiyədək məğlub olmayıb. Bu, sənin üçün əlavə təzyiq yaratmır?
— Təbii ki, yox. Hətta xoşbəxtəm ki, məğlubiyyəti yoxdur. İlk məğlubiyyətini ona mən yaşadacağam. Tapology-də karyerama baxsanız, görərsiniz ki, rəqiblərimin çoxu məğlubiyyətsiz olub. Hətta 10-0 göstəricisi olan da olub. Warriors-da axırıncı, 3-cü döyüşümdə Baxtılar Yunusovya məğlubiyyət yaşatmışdım. İnşallah, bu da eyni olacaq.
— Döyüş öncəsi Azərbaycan və UFC azarkeşlərinə nə demək istərdin?
— İnşallah, çox gözəl döyüş göstərməyə çalışacağam. Hər şey həmişə istədiyimiz kimi olmur. Axırıncı döyüşdən bunu dərs çıxardım: hər zaman sürprizlər ola bilər. Amma çox yaxşı hazırlaşmışam, özümə inanıram. İnşallah, vətənə qələbə ilə qayıdacağam. Onu da demək istəyirəm ki, artıq 6 aydır Azərbaycanda deyiləm. Axırıncı dəfə də cəmi 2-3 həftə qalmışdım. Vətən, Bakı, yeməklərimiz, insanlarımız üçün çox darıxmışam, vətən həsrəti çəkirəm. İnşallah, çempion kimi qayıdanda hər şeyə dəyəcək.
— Sən idmançı kimi Azərbaycanda böyümüsən, burada formalaşmısan və Azərbaycan MMA-sının vəziyyətini bilirsən. Bu il TUF 34-ə dəvət alıb orada vuruşdun. Bir il əvvəl UFC-də cəmi 2 döyüşçümüz var idi, onlar da Azərbaycan məktəbinin yetirməsi deyildi, indi isə 6 azərbaycanlı döyüşçü var. Səncə, UFC Bakı turniri Azərbaycan MMA-sına nə kimi təkan verdi və verəcək?
— O 2 döyüşçü də Azərbaycan bayrağını qaldırır, Azərbaycan adı ilə, vətənimizin bayrağı ilə çıxır, millətimizin adından vuruşur. Mən bunda fərq görmürəm. İkincisi, əlbəttə, UFC-nin Azərbaycana gəlməsi idmanımızda və MMA-da irəliləyişi çox gücləndirdi. Düzdür, mən UFC-yə daha çətin yolla, TUF vasitəsilə getdim. TUF-da vuruşan ilk azərbaycanlı oldum. Bunun çox böyük üstünlükləri var. Məsələn, UFC-nin gəldiyi ilk Qafqaz ölkəsi Azərbaycandır. Səhv etmirəmsə, UFC heç Rusiyaya getməyib, amma Azərbaycana gəldi. Bu o deməkdir ki, dövlətimiz gənclər üçün, hər şey üçün maksimum dərəcədə çalışır. Buradan cənab nazirə və cənab Prezidentimizə, hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm. UFC-nin Azərbaycana gəlməsi gənclərimizin MMA-da və hər bir sahədə irəliləyişini göstərir.


