UFC-də ikinci döyüşündə Ceyk Metyusu məğlub edən Tahir Abdullayev ardıcıl növbətini qələbəsini qazanıb.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı döyüşçü onlayn mətbuat konfransında media önünə çıxıb, suallarımızı cavablandırıb.
T.Abdullayevin müsahibəsini təqdim edirik:
– Görüşüm əla keçdi. Planlaşdırdıqlarımızı həyata keçirdik. Əsas məqsədimiz qələbə qazanmaq idi və buna nail olduq. Əslində, ikinci raunda qədər rəqibi finişlə məğlub etməyi planlaşdırmışdıq, amma alınmadı. Nəticədə üç raund döyüşdük və hər üç raundda dominantlıq edərək qalib gəldik.
– Bakıdakı qələbədən sonra özünü bomba kimi hiss etdiyini demişdin. UFC-də ikinci qələbəni qazandıqdan sonra özünü necə hiss edirsən?
– Zor! (gülür) Özümü çox yaxşı hiss edirəm. Əlbəttə, insanın hər zaman arzuları və istəkləri olur. İnanın ki, mən 15 yaşımdan məşq edirəm və UFC-də döyüşmək arzusunda böyümüşəm. UFC-də ikinci qələbəni qazanmaq, əlbəttə ki, möhtəşəm hissdir.
– Bu dəfə Ruslan Əfəndiyevi küncündə görmədik.
– Ruslan Bakıdakı döyüşdə küncümə gəlmişdi. Özüm Moskvada yaşayıram və burada öz komandam var. Hətta öz klubumu da açmışam. Bu klub mənə məxsusdur. Buradakı idmançılar və məşqçilər də döyüş zamanı mənə dəstək oldular.
– Səni İkram Aliskerovla da birlikdə gördük. Dağıstanlılarla münasibətlərin necədir? Ümumiyyətlə, bu döyüşə necə hazırlaşmışdın?
– Mənim əsas bazam sərbəst güləşdir. Dağıstan və Çeçenistan, ümumilikdə Qafqaz xalqları ilə münasibətlərim yaxşıdır. Çoxlu dəvətlər almışam, çünki bir çox döyüşçünü tanıyıram.
Hazırlıq prosesinə gəlincə, məşqlərimin ilk mərhələsini Bakıda keçirdim. İkinci mərhələdə isə Dağıstanın Mahaçqala şəhərində, Zubarda oldum. Təxminən 2-3 həftə orada məşq etdikdən sonra döyüş üçün yola düşdüm.
– Döyüşdən əvvəl çəkini verə bilməmişdin. Nəticədə cərimələndin. Narahatlığının olduğu barədə də məlumatlar var idi. Niyə çəki mərasimində problemlə üzləşdin?
– Çəki prosesi zamanı, bilmirəm, nəsə səhvlər oldu. Yəqin ki, dietoloqumun səhvləri idi. Belə də ola bilər. Əlbəttə, gücümün böyük hissəsi çəki salmağa sərf olundu. Amma Allaha şükür, döyüş zamanı özümü yaxşı hiss edə bildim. Prosesdə niyə belə olduğunu bilmirəm, amma onu dəqiq deyə bilərəm ki, dəhşət əziyyət çəkdim. Rusiyalı jurnalistlərə müsahibəmdə də bildirmişdim ki, səhər saat 08:00-dan 09:00-a qədər, demək olar ki, bir saat saunada vaxt keçirdim. Nəticədə cəmi 50 qram çəki itirdim. Orada yazırdılar ki, məndə bir kiloqramdan artıq artıq çəki var. Halbuki cəmi 450 qram artıq çəkim qalmışdı. Həmin 450 qramı da sala bilmədiyim üçün artıq çəki ilə tərəziyə çıxmalı oldum.
– Bəs döyüşdəki performansından razı qaldınmı?
– Performansımdan, əlbəttə, həm özüm, həm də məşqçilərim razı qaldıq. Hər şey çox yaxşı idi. Tələsmədən, dəqiq və ağıllı şəkildə döyüşdük.
– Rəqibinlə III raunddan əvvəl əl verib görüşdünüz. Xüsusilə, bu təşəbbüs ilk olaraq səndən gəldi. Həmin epizodu şərh etməyini istəyərdim. Döyüş başa çatdıqdan sonra da bir-birinizin əlini qaldırdınız.
– Əslində, döyüşün sonunda əlimi rəqibim qaldırdı. Üçüncü raunddan əvvəl isə özüm belə bir addım atmaq istədim. Çox sərt döyüş gedirdi. Fikirləşdim ki, aramızda bir az müsbət münasibət yaransın. Bunlar döyüşün içində baş verən məqamlardır. Amma iki raund, 10 dəqiqə davam edən gərgin və qanlı döyüşdən sonra bir az psixoloji hücum etmək də istədim.
– Növbəti rəqibinin kim olmasını istəyirsən?
– Təəssüf ki, rəqiblərimizi biz seçmirik. Nə rəqibimizi, nə də harada döyüşəcəyimizi özümüz müəyyənləşdiririk. Kimsə deyə bilər ki, filan idmançı ilə döyüşmək istəyirəm və ya rəqibimi özüm seçirəm. Amma belə bir şey yoxdur. Biz sadəcə təxmini vaxtı bildiririk. Məsələn, hansı ayda döyüşə hazır olduğumuzu deyirik. Daha sonra onlar bizə döyüş təklif edirlər və təxminən bir ay qalmış rəqibimizin kim olduğunu, harada və nə vaxt döyüşəcəyimizi açıqlayırlar. Belə təklifdən imtina etmək də, onu qəbul etməmək də mümkün deyil.
Növbəti döyüşümün harada keçiriləcəyinə gəlincə, əlbəttə, istəyərdim ki, mart ayına qədər bir döyüşüm olsun. Yaxud iyun ayında Azərbaycanda döyüş keçirilməsi nəzərdə tutulursa, yəqin ki, həmin təklifi gözləyəcəyəm. Rəqibimin kim olacağını bilmirəm, amma istərdim ki, TOP-15-dən bir idmançı ilə qarşılaşım. Bununla belə, çox güman ki, belə olmayacaq.
– Açıqlama vermişdin ki, sənə göstərilən diqqət və dəstəkdən narazılığın var. Bunu bir qədər ətraflı izah edə bilərsənmi? Nə baş verib?
– Sosial şəbəkələrdə bizə maksimum dərəcədə dəstək göstərilməsini istərdik. Təəssüf ki, internetdəki bəzi insanlar və qruplar, o cümlədən özünü jurnalist adlandıran müəyyən şəxslər var. Mən onları jurnalistikaya aid etmirəm. Fərman Həsənovun məğlubiyyəti baş verən kimi bir sayt belə görmədim ki, bu xəbəri paylaşmasın. Demək olar ki, bütün saytlar məğlubiyyəti işıqlandırdı. Amma döyüşdən əvvəl və ya qələbə qazandıqdan sonra heç bir sayt bu qədər maraq göstərməmişdi. Təəssüf ki, bizdə insanları daha çox məğlubiyyətdən sonra gündəmə gətirirlər. Müxtəlif qruplarda, şərhlərdə başlayırlar ki, uduzub, niyə uduzub, filan səbəbə görə uduzub. Hətta idmançının haradasa çay içməsini belə məğlubiyyətinə səbəb kimi göstərirlər. Mən azarkeşlərdən maksimum dəstək gözləyərdim. Döyüşdən əvvəl göstərilən dəstək bizi daha da həvəsləndirir. Heç kimdən böyük bir şey istəmirik. Bir şərhdə uğurlar arzulamaq, döyüşümüzü izləmək belə bizim üçün önəmlidir. Əlbəttə, biz özümüz üçün döyüşürük. Amma bununla yanaşı, Azərbaycan bayrağını, ölkəmizi və idmanımızı təmsil edirik. Ona görə də maksimum dəstək göstərilməsi çox yaxşı olardı.
– Cərimənin qonorarının 20 faizinin çıxılması ilə bağlı məqam var. Bu məlumat nə dərəcədə doğrudur? İstəyərdik ki, məsələyə aydınlıq gətirəsən. Qonorarından həqiqətən 20 faiz tutulub?
– Təəssüf ki, hazırda qonorarımızdan 20 faiz çıxılıb. Yəni, belə deyək, 20 faiz minusdayıq.
– Bu, motivasiya baxımından səndə narahatlıq yaradırmı?
– Xeyr, heç bir narahatlıq yoxdur. Maliyyə məsələləri hər zaman qarşımıza çıxır. Ona görə də bu, böyük problem deyil. Sadəcə, 20 faiz minusdayıq. Bunun heç bir qorxusu yoxdur. Əsas odur ki, döyüşümüzü keçirdik. Yəqin ki, həmin 20 faizlik məbləği Azərbaycanda hansısa kampaniyalar "bağlayar". Siz bunu işıqlandırarsınız, hansı kampaniyalar qarşılayar (gülür).
– Hazırkı müqaviləyə əsasən, səhv etmirəmsə, səni daha iki döyüş gözləyir. Daha yaxşı müqavilə şərtləri təklif olunsa, UFC-də qalacaqsan, yoxsa ayrılmaq fikrin var?
– Belə bir söhbət yoxdur. UFC bizim idman növündə dünyada bir nömrəli liqadır. Hətta ümumilikdə idman təşkilatları arasında da ən böyük və tanınmış liqalardan biridir.
UFC-də qalmaq məsələsinə gəlincə, 20 faizlik cərimə məni o qədər də narahat etmir. Mənim üçün əsas məyusluq başqa məsələ oldu. Belə ki, bu iki döyüşdən sonra müqaviləmi daha yaxşı şərtlərlə yeniləməli idim. Çünki ilk döyüşüm xoşlarına gəlmişdi və daha yaxşı maliyyə şərtləri təklif etməyə hazır idilər. Lakin çəki limitini keçdiyimə görə müqavilənin maliyyə şərtlərində artım olmadı. Bununla belə, mənə bildirdilər ki, növbəti döyüşdən sonra müqaviləmi dəyişəcəklər. Yəni, yeni müqavilə üçün daha iki döyüşümü gözləməli olacağam.
– Son olaraq, bilirsən ki, bu gün Azərbaycanda çox vacib futbol oyunu keçiriləcək. “Sabah” “Barselona” ilə qarşılaşacaq. Oyuna baxacaqsanmı? Qarşılaşma ilə bağlı proqnozun nədir?
– Əlbəttə, bu barədə sosial şəbəkələrdə məlumat gördüm. Mən “Barselona” azarkeşi olmuşam. Niyə? Çünki orada Messi oynayıb. Mən Messinin azarkeşiyəm. Amma Azərbaycanda olsaydım, hətta şəxsi işlərim olsa belə, onları kənara qoyardım. Gedib öz millətimin, dövlətimin, bayrağımın yanında olardım, “Sabah”a dəstək verərdim. Komandanı qarşılamağa gedər, futbolçuların qaldığı oteldə və ya başqa bir yerdə onlara dəstək göstərərdim.
Mən Messi və ya “Barselona”dan əvvəl öz millətimi seçərdim. Gənclərə də demək istəyirəm ki, öz millətimizi daha çox sevməliyik. Kim “Barselona” azarkeşi olsa da, ilk növbədə öz komandamıza, öz ölkəmizə dəstək verməliyik.


