İtaliyanın "Komonun" baş məşqçisi Fransesk Fabreqas komandasının "Yuventus"la müqayisə olunmasının mümkün olmadığını bildirib.
Offsideplus.az xəbər verir ki, A Seriyasının 13-cü turunda "Komonun" "Yuventus" üzərində 3:0 hesablı qələbəsindən sonra Fabreqas fikirlərini bölüşüb. O qeyd edib ki, 5-ci dəqiqədə Randal Kolo-Muaninin qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılması turinliləri azlıqda qoyub. "Burada çox xoşbəxtəm, İtaliya futbolu böyük addımlarla irəliləyir. Düzünü desəm, birinci hissəni bəyənmədim, çünki 11-ə qarşı 11 oynayanda daha yaxşı təsir bağışlayırdıq. Bu mövsüm 'Roma' ilə 0:0 hesablı oyunda da belə olmuşdu, ötən il isə 'Atalanta'ya qarşı eyni vəziyyət yaranmışdı. Çoxlu qol imkanlarımız olsa da, rəqib öz meydanında qapananda işimiz çətinləşir. Yenə də əminəm ki, daha yaxşı oynaya bilərik. Nikko Pasanın qolu bizə yeni ruh verdi, fasilədən sonra oyunumuzda dəyişiklik etdik və ikinci hissədə daha yaxşı çıxış etdik, baxmayaraq ki, bəzi riskli anlar da oldu. 'Yuventus'un tarixini dəyişmək mümkün deyil. Onların qazandığı bütün titullar bir gündə silinmir, bu klubun böyük tarixi var. Uşaqlıqdan, internet dövründən əvvəl belə, Del Pyero və Zidan kimi ulduzlar haqqında eşitmişəm. 'Yuventus' həmişə 'Yuventus'dur və biz onlarla eyni səviyyədə olmağı düşünməyə belə cəsarət etmirik, hətta hazırda onları səkkiz xal qabaqlasaq da. Biz yalnız öz tariximizi yazmağa çalışa bilərik", – Fabreqas DAZN Italia-ya açıqlamasında deyib.


