Ötən mövsüm ölkə futbolu tarixinin ən böyük uğuruna imza atan - Çempionlar Liqasında liqa mərhələsini adlayıb, pley-offa qədər yüksələn “Qarabağ” yayda radikal dəyişiklikləri ilə diqqət çəkdi.
Yanlış qərar idimi? Deyildi. Uğura doymuş futbolçularla daha böyük nailiyyətlər əldə etmək mümkün deyil. Bu səbəbdən heyət başdan-başa dəyişdi. Məcazi mənada desək, Qurban Qurbanov mexanizmini başqa mexaniklərə həvalə etdi. Bunun işə düşməsi üçün isə zamana ehtiyac var. ÇSKA (Sofiya)-ya məğlubiyyət faciə deyil. Azərbaycan futbolunun ən böyük faciəsi Qurban Qurbanovun əziyyətini görməzdən gəlməkdir. “Qarabağ” ikisi ÇL olmaqla 12 il ardıcıl olaraq avrokubokların əsas mərhələsində mübarizə aparıb. 4 dəfə pley-offa yüksəlib. Yeni transferlər uyğunlaşma prosesini müvəffəqiyyətlə keçdikdən sonra “Qarabağ”ın Avropa səhnəsində kəhər “at oynadacağına” şübhə yoxdur.
Hə, bir də. “Qarabağ” ÇSKA ilə heç bir görüşdə məğlub olmayıb. Heç qol da buraxmayıb. Penaltilər seriyası isə lotereyadır.
Odur ki, bir neçə ay adından ağız dolu danışdığımız Qurban Qurbanovu qorumaq lazımdır. Onu futboldan soyutmayaq. Unutmaq lazım deyil ki, Çempionlar Liqası bizə hər zaman yuxu kimi gəlib. Orda nəinki iştirak etmək, nəhəng komandaları da Qurbanovun sistemi, futbolçuları əzib.
O özünü Azərbaycan futboluna qurban edib. Küsdürməyin, yanında olun. Axı nağıllarda da bir həqiqət var: “Xalq həmişə qəhrəmanladır”.


