Azərbaycan U-18 yığmasının baş məşqçisi Erhan Toker komandasının Avropa çempionatındakı çıxışını Offsideplus.az-a dəyərləndirib:
“B divizionunda yerimizi qorumağı bacardıq. Ötən illə müqayisədə keçən il U-18 komandası B divizionunda yalnız bir oyunda qələbə qazanmışdıq, bu il isə qrupda iki matçda qalib gələrək liqada qalmağımızı təmin etdik.
9–16-cı yerlər uğrunda ilk qarşılaşmada Monteneqroya əlavə vaxtda uduzduq. Həmin oyunda qalib gəlsəydik, hər şey çox daha yaxşı olardı. Oyunçularımızın matç təcrübəsi az idi. Komandada təcrübəli basketbolçuların sayı cəmi 5–6 nəfər idi. Turnirin davamında əsas yük həmin basketbolçuların üzərinə düşdüyündən, yorğunluq səbəbindən Monteneqro ilə matçdan sonrakı iki görüşdə də məğlub olduq və turniri 16-cı pillədə başa vurduq.
B divizionunda qalmağımız çox vacib idi. Artıq ikinci dəfədir ki, bu divizionda mübarizə aparırıq və indiyədək göstərdiyimiz ən yaxşı nəticə elə bu 16-cı yerdir. Düzdür, 16-cı pillə elə də yüksək mövqe sayılmaz, amma Azərbaycan basketbolunun inkişaf tempini nəzərə alsaq, əvvəllər C divizionunda oynayırdıqsa, indi B divizionuna yüksəlmişik. Bu, bir il əvvəlkindən daha yaxşı nəticədir. Ümid edirəm ki, gələn il U-18 komandamız daha yüksək pillələrdə qərarlaşacaq.
Oyunçulara, məşqçilər korpusuna və əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm. Hər kəs əlindən gələnin ən yaxşısını etdi. Azərbaycanı layiqincə təmsil etməyə çalışdıq”.
Qeyd edək ki, basketbol üzrə Azərbaycan U-18 millisi ötən gün başa çatan Avropa çempionatının B divizionunu 16-cı yerdə başa vurub.


