“Sabah”ın Çempionlar Liqasına düşəcəyinə inanıram”.

Bu sözləri Ağasəlim Mircavadov Offsideplus.az-a müsahibəsində deyib.

– “Sabah”dan gözləntiləriniz nədir?

– Əsas odur ki, heyətlərini qorudular. Düzdür, Aaron Maluda “Bazel”ə keçdi, amma onu əvəzləyəcək futbolçuları, yeni transferləri var. “Sabah”ın Çempionlar Liqasına düşəcəyinə inanıram. Bu, futbolumuzun inkişafı olar. Oyundan-oyuna inkişaf edirlər. Danimarka səfərləri var, komandanın əsl gücü onda bilinəcək.

– "Qarabag" mübarizəni dayandırdı. "Dinamo" səddini aşa bilməsələr, bunu faciə saymaq olar?

– "Qarabag"da oyunçuların əksəriyyəti getdi. Bu, böyük klublarda yaşanan bir haldır. Əsas məsələ yeni futbolçuların sistemə uyğunlaşmasıdır. "Qarabag"ın ÇSKA səfərində qol şəraitləri çox oldu. Heç bir oyunda rəqibdən geri qalmadılar. İnanmıram ki, "Qarabag" "Dinamo"nu keçməsin. Kiyev təmsilçisinin oyunlarını izləmişəm. Düzdür, Ukraynada futbol var, həmişə olub. Amma öz evlərində oynamırlar, bu, çox ağırdır. "Qarabag"da işləyəndə mən də bunu yaşamışam. İnanıram ki, "Qarabag" liqa mərhələsinə vəsiqə qazanacaq. ÇSKA ilə oyunda penaltilər seriyasında qapıçının reaksiyaları məni təəccübləndirdi.

– “Zirə”yə də ümidlərimiz var idi…

– Bəli, “Torpedo”nu rahat oyunla keçmişdilər. Amma bu dəfə oyun üstünlüyü və qol vəziyyətləri olsa da, qol buraxdılar. Gərək qol buraxmayasan. Oyunun sonlarında “Zirə”nin lehinə penalti verilməli idi, amma təyin edilmədi. Hakim niyə reaksiya vermədi, bilmirəm.

– “Neftçi" haqqında nə demək olar?

– Oyunları çox müəmmalı idi. İlk matçda 20 dəqiqə futbol oynadılar və 2 qol vurdular. Sonra komanda olaraq dayandılar. Cavab oyununda qol vursalar da, üstünlük tam ələ keçmədi, ardı gəlmədi. Hazırda “Neftçi”də o istək görünmür.