Ötən mövsüm Azərbaycan Basketbol Liqasının finalında məğlub olan "LANDAU Lions" yeni mövsümdə də iddialıdır.

Klubun mətbuat katibi Əli Cəfərov yeni və daxili transferlər barədə Offsideplus.az-a özəl açıqlamalar verib:

"Bizdə artıq iki oyunçunun transferi dəqiqdir: Gediminas Orelik və Ceyms Freyzer. Freyzer ilə 2 illik, Orelik ilə isə 1 illik yeni müqavilə imzalanıb.

Buna əlavə olaraq, keçən mövsüm heyətimizdə yer alan DeAndre Cekson ilə də növbəti mövsüm üçün 1 illik müqavilə bağlamışıq. O, yenidən komandamızın şərəfini qoruyacaq.

Həmçinin, ötən mövsüm Azərbaycan çempionatında digər klublarda çıxış etmiş daha iki legioner oyunçu ilə də anlaşmışıq. Müqavilənin son detalları tam razılaşdırılmadığı üçün hələlik adlarını açıqlaya bilmirəm, lakin onlar da bu il bizim komandada oynayacaqlar.

Bundan başqa, daha iki legioner transferi də planlaşdırılır. Lakin onların kimliyi hələ bəlli deyil, axtarışlar və danışıqlar davam edir.

Yerli oyunçulara gəldikdə isə, onlarla da son detallar müzakirə olunur. Hələlik tam müqavilə bağlanmayıb, bəzi məsələlər qalır".