UFC-nin orta çəki döyüşçüsü Maykl Peyc təşkilatdakı gələcəyi barədə fikirlərini bölüşüb. O bildirib ki, UFC rəhbərliyi ilə açıq söhbət aparacaq və daha səviyyəli rəqiblərlə qarşılaşmaq istədiyini vurğulayıb.

Offsideplus.az xəbər verir ki, Peyc bu barədə belə deyib: "Mən UFC nümayəndələri ilə masa arxasında oturub açıq danışacağam. Onlara deyəcəyəm: 'Baxın, mən daha yaxşı çıxış edə bilərəm və buna can atıram. Artıq yüksək səviyyədəyəm. Mənə daha güclü rəqiblər verin və inanın ki, azarkeşlərə xüsusi nəsə göstərəcəyəm'. Ən çox üzüldüyüm məqam odur ki, özümü əla hiss edirəm, amma bəzən bu, yetərli olmur və nəticə göstərir ki, doğrudan da kifayət qədər çalışmamışam. Yəqin ki, bir az daha çox risk etməliyəm. Bəzən hər şeyin çox təmiz və dəqiq olmasını istəyirəm. Daha çoxunu edə biləcəyimi bilirəm və bu məni narahat edir, çünki qəfəsə çıxanda bəzən özümü saxlayıram, amma daha çox vermək istəyirəm. Azarkeşlər də, UFC də bundan artığını haqq edir. Mən də daha çoxunu verə biləcəyimi bilirəm və düşünürəm ki, artıq buna yaxınam".

Qeyd edək ki, Parisdə keçirilən UFC turnirində Maykl Peyc Nursulton Ruziboyev üzərində hakimlərin yekdil qərarı ilə qələbə qazanıb. Onun UFC-də keçirdiyi altı döyüşdə vaxtından əvvəl heç bir qələbəsi yoxdur.