Yuventusun yarımmüdafiəçisi Fransişku Konseysau "Milan"la heç-heçə başa çatan oyundan sonra komandasının qələbəyə layiq olduğunu deyib.
Offsideplus.az xəbər verir ki, A Seriyasının 3-cü turunda Turin şəhərində keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. "Yuventus"un bərabərlik qolunu əlavə olunmuş dəqiqələrdə Federiko Qatti vurub.
Konseysau bildirib: "Bütün 90 dəqiqə ərzində əmin idim ki, biz qələbəyə layiqik. "Milan" qol vurdu, amma başqa heç nə etmədi. Mən topu dirəyə vurdum, Fede (Qatti) qol vurdu – bir tərəfdən yaxşıdır ki, uduzmadıq, amma biz üç xalı haqq edirdik. Mən realizasiyam üzərində işləyirəm, bu mövsüm artıq iki dəfə topu dirəyə vurmuşam və bilirəm ki, bir neçə santimetr fərq olsaydı, insanlar məni əla finişçi adlandırardılar. Futbol belədir, mən də çalışıram ki, o 5-10 santimetrlik fərqlə uğur qazanıb topu tora göndərim".


