"Çelsi"nin kapitanı Riz Ceyms Premyer Liqanın üçüncü turunda səfərdə "Arsenal"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Ceyms komandasının matça yaxşı başladığını və hesabda geri düşdükdən sonra xarakter nümayiş etdirdiyini bildirib. "Bu qarşılaşmada bir çox müsbət məqamlar var idi. Oyuna çox yaxşı başladıq, hesabda geri olanda isə xarakter göstərib matça qayıtmağa çalışdıq. Lakin sonda sadəcə vaxtımız çatmadı. Bu səviyyədə futbol ayrı-ayrı epizodlardan ibarətdir. Bir-iki an hesabı dəyişə bilər. Bu gün ağır oyun oldu və indi onu təhlil edib düzgün nəticə çıxarmalıyıq".
Mərkəz xəttdəki mübarizə barədə danışan Ceyms qeyd edib: "Bu, Premyer Liqadır – dünyanın ən güclü çempionatı. Hər bir rəqibə qarşı, istər mərkəzdə, istərsə də digər mövqelərdə oynamaq həmişə ciddi sınaqdır".
Xabi Alonsonun tələblərinə uyğunlaşmaq barədə isə o deyib: "Biz mümkün qədər tez uyğunlaşmağa çalışırıq. Hələ də onu daha yaxından tanıyırıq və necə oynamağımızı istədiyini başa düşməyə çalışırıq. Bunun üçün vaxt lazımdır, amma biz tam diqqətimizi məqsədlərimizə və məşqçinin tələblərini yerinə yetirməyə yönəltmişik".
Ceyms "Çelsi"nin "Arsenal"la rəqabət aparmaq imkanları barədə isə belə danışıb: "Mövsümün sonunda harada olacağımızı görəcəyik. Nə etməli olduğumuzu bilirik və diqqətimizi yalnız özümüzə yönəltməliyik, digər komandaların bizi yayındırmasına imkan verməməliyik".


