Keçmiş UFC ağırçəkili çempionu və uzun illər WWE-nin ulduzu olan Brok Lesnar peşəkar güləş və döyüş idmanlarından tamamilə ayrıldığını elan edib.
Offsideplus.az xəbər verir ki, 49 yaşlı Lesnar bu qərarını "The Pat McAfee Show" proqramında açıqlayıb. O bildirib ki, ötən şənbə günü keçirilən SummerSlam tədbirində Oba Femi ilə qarşılaşma onun karyerasında sonuncu döyüş olub. Lesnar bu barədə deyib: "Bu gün buradayam ki, bütün dünyaya və hər kəsə bildirim: mən artıq təqaüdə çıxmışam və hər kəsə böyük təşəkkürümü bildirirəm. Şənbə mənim üçün çox emosional gün idi. WrestleMania-da Oba Femi məni yerə vuranda artıq davam edə bilməyəcəyimi anladım. Düşündüm ki, artıq bitdi. Amma şənbə günü qəfəsdə son dəfə çıxış etdim və bu, mənim üçün son oldu. Hər kəsə təşəkkür edirəm, mən sadəcə Cənubi Dakotadan olan bir kənd uşağı idim və bu həyatda əldə etdiklərim üçün minnətdaram."
Lesnar 2000-ci ildə universiteti bitirdikdən sonra WWE ilə müqavilə imzalayıb və qısa müddətdə təşkilatın əsas ulduzlarından birinə çevrilib. 2002-ci ildə SummerSlam turnirində Dwayne "The Rock" Conson üzərində qələbə qazanaraq 25 yaşında WWE-nin ən gənc dünya çempionu olub. 2004-cü ildə WWE-dən ayrılan Lesnar bir müddət NFL-də şansını yoxlayıb, daha sonra isə MMA-ya keçib. 2007-ci ildə MMA-da debüt edən Lesnar UFC-də Frank Mirə uduzsa da, daha sonra Heath Herring üzərində qələbə qazanıb və dördüncü peşəkar döyüşündə Rendi Kutçuru nokaut edərək UFC ağırçəkili kəmərini əldə edib.
Lesnar UFC-də çıxış etdiyi qısa müddətdə MMA tarixinin ən böyük kassalı ulduzlarından birinə çevrilib və onun iştirakı ilə keçirilən turnirlər daim 1 milyon pay-per-view satışını keçib. O, UFC kəmərini iki dəfə uğurla müdafiə etdikdən sonra Kain Velaskesə uduzub və 2012-ci ildə yenidən WWE-yə qayıdıb.


