"Qarabağ" Futbol Klubunun akademiyasında çalışan məşqçilərin bilik və bacarıqlarını artırmaq məqsədilə "Futbol Məşqçilərinin Peşəkar İnkişaf Proqramı"na start verilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasında (ASA) keçirilən 30 saatlıq təlimlər məşqçilərin liderlik, pedaqogika, psixologiya, uşaq hüquqları və məşqçilik metodologiyası üzrə kompetensiyalarını beynəlxalq standartlara uyğunlaşdırmağa yönəlib. İnteraktiv formatda təşkil olunan dərslərdə iştirakçılar situasiya təhlilləri, qrup müzakirələri və praktik məşğələlərlə biliklərini təkmilləşdirəcəklər.
Gülsabah Əmirova, Sevinc Seyidova, Elcan Həsənli və Xəyalə Quliyevanın keçəcəyi təlimlər avqust ayı ərzində iki qrup üzrə təşkil olunacaq.
"Qarabağ" FK gələcəkdə də akademiyada beynəlxalq təcrübəyə əsaslanan oxşar inkişaf layihələrini davam etdirməyi planlaşdırır.


