“Gəncə” klubu və Gəncə şəhəri mənim üçün doğma və yaxşı tanıdığım bir məkandır”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında “Gəncə” basketbol komandasının yeni üzvü Əlibəy Məmmədli deyib.
21 yaşlı basketbolçu komandaya transferindən danışıb:”Buradan yalnız xoş xatirələrim var. İnanıram ki, bu mövsüm də vahid ailə kimi mübarizə apararaq həm EuroCup-da, həm də ölkə çempionatında qarşımıza qoyduğumuz hədəflərə çata və azarkeşlərimizi sevindirə biləcəyik”.
O, gələcək hədəflərdən də söz açıb:“Gəncə” klubunun rəhbərliyi mənimlə birbaşa əlaqə saxladı və qarşılıqlı razılığa gələ bildik. Ümid edirəm ki, onların məndən gözləntilərini tam şəkildə doğrulda biləcəyəm. Hətta bununla kifayətlənməyib, daha artığını göstərmək üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, ötən mövsümü "Naxçıvan"da kapitan statusunda keçirən 190 sm boya malik basketbolçu 2023/2024-cü illər mövsümündə də Gəncə təmsilçisinin şərəfini qoruyub.


