İtaliyalı mütəxəssis Antonio Konte "Mançester Yunayted"in baş məşqçisi postunu tutmağa hazır olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, Konte və onun nümayəndələri klub rəhbərliyinə müraciət edərək, dərhal işə başlaya biləcəyini çatdırıblar. 57 yaşlı mütəxəssis yayda "Napoli"dən ayrıldıqdan sonra işsiz qalıb. O, əvvəllər İngiltərədə "Çelsi" və "Tottenhem"i çalışdırıb, "Çelsi" ilə Premyer Liqanın və İngiltərə Kubokunun qalibi olub.
Yayda Konte artıq "Mançester Yunayted"in baş məşqçi postuna namizəd idi və bu məsələni futbol direktoru Ceyson Uilkoksla müzakirə etmişdi. Lakin klub uğurlu müvəqqəti fəaliyyətinə görə Maykl Kerriki baş məşqçi təyin etmişdi.
Hazırda Kerrik mövsümə uğursuz start səbəbindən təzyiqlə üzləşib. Premyer Liqada "Mançester Yunayted" 6 oyundan yalnız 1-də qələbə qazanıb və 13-cü pillədə qərarlaşıb.


