La Liqanın prezidenti Xavyer Tebas "Real Madrid" rəhbərliyinin onun istefasını tələb etməsinə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Tebas "Real Madrid TV"nin kommunikasiya üsullarını Yozef Gebbelsin təbliğat metodları ilə müqayisə etməsi ilə bağlı yaranan qalmaqala aydınlıq gətirib.
O bildirib ki, bu təbliğat üsulları jurnalistika və kommunikasiya fakültələrində öyrədilir və onların müasir dövrdə tətbiqi təhlil olunur. Tebas qeyd edib ki, bu müqayisə ideologiyaya deyil, məhz kommunikasiya metodlarına aiddir və "Real Madrid" azarkeşlərinə heç bir halda şamil olunmur.
"Müqayisə konkret üsullara – faktların seçici təqdimatına, sistemli təkrara və düşmən obrazının yaradılmasına aiddir. Bu mexanizmlər jurnalistika fakültələrində öyrədilir və onların müasir tətbiqi araşdırılır. Mən məhz bu barədə danışmışam və konkret nümunələr gətirmişəm. Kim razı deyilsə, faktlarla mübahisə edə bilər. Amma sadəcə narazılıq bildirmək arqument deyil. Məsələn, yalnız ədalətsizlik hissini gücləndirən epizodlar seçilirmi? Şübhə o qədər təkrarlanır ki, fakt kimi qəbul olunurmu? Düşmən obrazı yaradılırmı? Əks versiyalara uyğun gəlməyən məlumatlar gizlədilirmi?" – Tebas bildirib.
O əlavə edib ki, oyunların təqvimi ilə bağlı da konkret rəqəmlər təqdim olunmalıdır: "Nə qədər oyun təxirə salınması üçün müraciət edilib və neçə dəfə bu müraciətlər qəbul olunub? Bu da reallığın bir hissəsidir, istər uyğun gəlsin, istər gəlməsin. Mən məhz belə bir müzakirə təklif etmişəm – metodlar, mesajlar və konkret faktlar barədə. Sadəcə narazılıq və istefa tələbi isə suallarıma cavab vermir".


