Ay “Şəfa”, vay “Şəfa”... Ölmüsən, yerdən qaldıranın yoxdur
Ötən mövsüm 1-ci liqada çempion olaraq elitaya yüksələn paytaxt təmsilçisi çempionata rəng qatacaqlarını iddia edirdi. Əslində rəng qatıblar, amma bu, sadəcə qara rəngdir. Boğucu, ürək sıxan və nəticə gətirməyən oyundan başqa ortada heç nə yoxdur.
Belə ki, keçirdikləri 8 oyunda cəmi 1 qələbə qazanıblar (3 xal), qalan 7 matçda isə meydandan məğlub ayrılıblar. Komanda o gündədir ki, dünən “Şamaxı” səfərində 2 top fərqi ilə öndə olsalar da, üstünlüyü qorumağın nə demək olduğunu bilmədikləri üçün 35 dəqiqəyə 3 qol buraxıb, hətta 1 xalı da əldən verdilər.
Əslində futbolçuları qınamaq o qədər də düzgün olmazdı. Əsas problem belə bir heyət yığan klub rəhbərliyindədir. Ötən mövsüm “Araz-Naxçıvan”da Zaur Axundovun tapşırığı ilə köməkçi məşqçi işləyən Əfran İsmayılov indi “Şəfa”da əsas söz sahibidir. Onun “sözünün qüdrəti” də göz qabağındadır: nəticədən başqa hər şey var. Hətta futbolçuların 3 aydır maaş almadığı iddiaları ortaya atılıb, klubdan da bir nəfər çıxıb bunu təkzib etmir.
Legioner limitinin ləğvi ölkə futbolunun inkişafı naminə atılmış addım idi. Təəssüflər olsun ki, bundan süni şəkildə istifadə edən rəhbərlər də var. Həm AFFA-dan gələn 2,5 milyon manatı sağa-sola xərcləyirlər, həm də çempionatı biabırçı hala salırlar.
Belə iş görmək olmaz, bəylər. Keyfiyyətsiz biznesinizi başqa yerdə qurun. Azərbaycan futbolu bu günə qədər kifayət qədər batıb, sizə qətiyyən ehtiyac yoxdur...


