"Barselona"nın prezidenti Joan Laporta "Real Madrid"in La Liqa rəhbərliyi ilə yaşadığı gərginlik fonunda Madrid klubunu kəskin tənqid edib.

Offsideplus.az xəbər verir ki, Laporta "Real Madrid"in La Liqa prezidenti Xavyer Tebas və digər futbol qurumlarına qarşı hücumlarını şərh edib. O bildirib: "Xoşbəxtlikdən, La Liqanın prezidenti bu kimi məsələlərdə təcrübəlidir və "Real Madrid"in hücumlarına qarşı durmağı bacarır. "Real Madrid" heç kimdən razı deyil və görünür, hər şeyi dağıtmaq istəyir. Yaxşı ki, Tebas bunu anlayır, bir çox belə münaqişədən keçib və bu cür hücumlara, La Liqa klubuna yaraşmayan davranışlara qarşı durmağı bacarır. Onlar hər kəsə hücum edirlər: La Liqaya, hakimlər komitəsinə, federasiyaya... Öz qərarlarının nəticəsində düşdükləri vəziyyəti qəbul edə bilmədikləri üçün min bir bəhanə axtarırlar. Əlləri çatan hər şeyi dağıtmaq niyyətindədirlər. "Real Madrid"in nə etdiyinə az maraq göstərirəm, hətta desəm ki, ümumiyyətlə maraqlanmıram. Onlar "Barselona"ya toxunmadıqları müddətcə, bu məni narahat etmir".